Nazir: Minatəmizləmə sahəsində İtaliyanın Azərbaycana göstərdiyi dəstəyi yüksək qiymətləndiririk

“İtaliya şirkətlərinin Xəzər-Qara dəniz elektrik kabeli layihəsində iştirakını arzulayırıq”.
1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin iştirakı ilə keçirilən birgə mətbuat konfransında deyib.
Nazir Antonio Tayaninin Azərbaycana səfəri çərçivəsində Bakıda Azərbaycan-İtaliya Biznes Forumunun keçirildiyini və tədbirdə hər iki ölkədən 200-ə yaxın şirkətin iştirak etdiyini bildirib.
"Bu gün Bakıda çox böyük İtaliya nümayəndə heyətinin və biznes dairələrinin iştirakı ilə biznes forum keçirilir. Cənab nazir özü də həmin forumun açılış mərasimində iştirak edib. Bildiyimə görə, tədbirə qatılanlar arasında böyük maraq var. Hər iki ölkədən 200-ə yaxın şirkət forumda təmsil olunur. Onların arasında çoxsaylı İtaliya şirkətləri də yer alıb".
C.Bayramov ənənəvi olaraq enerji sahəsinin Azərbaycan-İtaliya əməkdaşlığının əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.
"Uzun illər ərzində Azərbaycan İtaliya üçün xam neft və təbii qaz təchizatçısı olub. Hazırda isə Azərbaycan və Avropa İttifaqının dəstəyi ilə Xəzər-Qara dəniz elektrik kabeli layihəsi həyata keçirilir. İtaliya şirkətləri bu layihənin hazırlanmasında çox fəal rol oynayırlar. Layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasında əsas icraçı şirkət məhz İtaliya şirkətidir. Biz hesab edirik ki, layihənin növbəti mərhələlərində də İtaliya şirkətləri müxtəlif istiqamətlər üzrə fəal iştirak edə bilərlər. Həm layihənin icrasında, həm də gələcəkdə ondan faydalanacaq ölkələr sırasında İtaliyanın yer almasını arzulayırıq. Bunun üçün böyük zəmin mövcuddur".
Nazir danışıqlar zamanı nəqliyyat və logistika sahəsində əməkdaşlığın da müzakirə edildiyini bildirib.
"Biz Avropa ilə Mərkəzi Asiya və digər Asiya ölkələri arasında nəqliyyat əlaqələrini, logistika imkanlarını müzakirə etdik. Bu istiqamətdə Azərbaycanın xüsusi rolu var. Artıq əldə edilmiş nailiyyətlər və qarşıdakı dövrdə görüləcək işlər barədə ətraflı fikir mübadiləsi apardıq. İtaliya şirkətlərinin bu layihələrdə fəal iştirakı təşviq edildi".
C.Bayramov Azərbaycan və İtaliya arasında qarşılıqlı investisiyaların həcminin artmasını son illərin mühüm yeniliklərindən biri kimi qiymətləndirib.
"Ölkələrimiz arasında ticarət dövriyyəsi uzun illər ərzində yüksək səviyyədə olub. Son illərin yeniliklərindən biri isə qarşılıqlı investisiyaların həcminin artmasıdır. Bu istiqamətdə mühüm nümunələrdən biri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2026-cı ildə İtaliyada fəaliyyət göstərən şirkətin 99 faiz səhmlərinin əldə edilməsidir. Bu, 3,4 milyard ABŞ dolları həcmində investisiya layihəsidir. SOCAR və Azərbaycan Dövlət Neft Fondu tərəfindən İtaliyada fəaliyyət göstərən şirkətlərə, eləcə də müxtəlif fondlara əhəmiyyətli investisiyalar yatırılıb. Bütün bunlar Azərbaycanın İtaliya iqtisadiyyatında iştirakının göstəricisidir".
XİN rəhbəri hərbi-texniki əməkdaşlığın da ikitərəfli münasibətlərdə yeni istiqamət kimi formalaşdığını qeyd edib.
"Son illərdə ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq sahəsində də müxtəlif layihələr nəzərdən keçirilir. İtaliya şirkətlərinin, o cümlədən "PABEX"in ölkəmizin hərbi sənaye qurumları ilə birgə iştirakı bu baxımdan yeni əməkdaşlıq istiqamətidir. Biz bu istiqaməti olduqca müsbət qiymətləndiririk".
C.Bayramov, həmçinin minatəmizləmə sahəsində İtaliyanın Azərbaycana göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
"Minatəmizləmə sahəsində İtaliya tərəfi ölkəmizə dəstək nümayiş etdirib. Bu istiqamətdə İtaliyanın müvafiq qurumları ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) arasında əməkdaşlıq mövcuddur. Biz bu əməkdaşlığı yüksək qiymətləndiririk. Göstərilən dəstəyə görə İtaliya tərəfinə təşəkkürümüzü bildiririk".











