Ceyhun Bayramov: Azərbaycan-İtaliya münasibətləri möhkəm təməl üzərində inkişaf edir

“Azərbaycan və İtaliya arasında gələn il diplomatik münasibətlərin qurulmasının 35 illiyi qeyd olunacaq”.
1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin iştirakı ilə keçirilən birgə mətbuat konfransında deyib.
Nazir ilk növbədə İtaliyanın böyük nümayəndə heyətini Azərbaycanda işgüzar səfərdə salamlamaqdan məmnunluğunu ifadə edib.
O bildirib ki, Azərbaycan-İtaliya münasibətləri möhkəm təməl üzərində qurulub və uğurla inkişaf edir:
"Ölkələrimiz arasında bu müddət ərzində çoxsaylı sənədlər imzalanıb və qəbul edilib. Onların sırasında xüsusi olaraq iki ölkənin dövlət başçıları tərəfindən qəbul edilmiş tərəfdaşlıq haqqında bəyannaməni qeyd etmək istərdim. 2020-ci ildə isə ikitərəfli strateji tərəfdaşlıq münasibətlərimiz xüsusi olaraq təsdiqlənib".
C.Bayramov ölkə liderləri arasında müntəzəm təmasların və dinamik dialoqun xüsusi önəm kəsb etdiyini vurğulayıb. O, bu baxımdan 2026-cı ildə İtaliyanın Baş naziri Corcia Meloninin Azərbaycana səfərini və Prezident İlham Əliyevlə görüşlərini, həmçinin bir neçə həftə əvvəl Dublində Avropa Siyasi Birliyinin Zirvə toplantısı çərçivəsində baş tutan növbəti təmasları qeyd edib.
Nazir xatırladıb ki, 2025-ci ildə İtaliya Prezidenti Sercio Mattarella Azərbaycanda səfərdə olub, 2024-cü ildə isə Azərbaycan Prezidenti İtaliyaya səfər edib.
"Hörmətli həmkarımla biz müntəzəm olaraq əlaqədəyik, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində görüşürük. Düz bir il bundan əvvəl mənim İtaliyaya səfərim və hörmətli həmkarımla çox məhsuldar danışıqlarım olub. Bu gün isə böyük İtaliya nümayəndə heyətini Azərbaycanda qəbul etməkdən böyük məmnunluq və şərəf duyuruq", - deyə C.Bayramov bildirib.
XİN rəhbəri qeyd edib ki, cari ilin yanvar ayında Bakıda Azərbaycan və İtaliya xarici işlər nazirlikləri arasında nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin altıncı iclası keçirilib. Onun sözlərinə görə, tərəflər bu formatda əməkdaşlığı müntəzəm şəkildə davam etdirirlər.
C.Bayramovun sözlərinə görə, hazırda Azərbaycan və İtaliya arasında müxtəlif sahələri əhatə edən 65 sənəd mövcuddur. Təxminən 20 sənəd isə hazırda tərəflərin baxışındadır və yaxın gələcəkdə onların da qəbul edilməsi və imzalanması gözlənilir.
Nazir parlamentlərarası əlaqələrin də müsbət inkişaf etdiyini diqqətə çatdırıb.
O bildirib ki, hər iki ölkənin parlamentində geniş tərkibli dostluq qrupları fəaliyyət göstərir, onlar arasında müntəzəm görüşlər və qarşılıqlı səfərlər təşkil olunur.
“ 2026-cı il ərzində İtaliya parlamentinin nümayəndə heyətinin də Azərbaycanda qəbul edilməsi nəzərdə tutulur”.
O, beynəlxalq platformalarda Azərbaycan və İtaliya arasında sıx və qarşılıqlı əməkdaşlığın mövcud olduğunu deyib. Bu xüsusda Birləşmiş Millətlər Təşkilatı və onun qurumları, Avropa İttifaqı, NATO və digər beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq qeyd olunub.
C.Bayramov bugünkü danışıqlarda iki ölkə arasında iqtisadi əməkdaşlığın, xüsusilə ticarət əlaqələrinin genişləndirilməsinin xüsusi yer tutduğunu bildirib.
"İtaliya ölkəmizin ticarət dövriyyəsi baxımından bir nömrəli ticarət tərəfdaşıdır. 2025-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 12 milyard ABŞ dolları həcmində olub. 2026-cı ilin ilk doqquz ayı ərzində isə bu rəqəm artıq 9 milyard ABŞ dollarını ötüb", - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda İtaliyanın müxtəlif şirkətləri qeydiyyatdan keçib və onlardan təxminən 120-si hazırda aktiv fəaliyyət göstərir.
XİN rəhbəri əlavə edib ki, 2026-cı ilin yanvar ayında Bakıda Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın altıncı iclası keçirilib.
“Həmçinin bu ilin oktyabr ayında İtaliyadan Azərbaycanın regionlarına iqtisadi nümayəndə heyətinin səfəri baş tutub”.











