Komitə sədri: Qadınlara qarşı zorakılığın qarşısının alınması dövlət siyasətinin mühüm istiqamətlərindəndir

“Azərbaycanda qadınlara qarşı məişət və digər zəminlərdə törədilən zorakılığın qarşısının alınması, zərərçəkmiş şəxslərin müdafiəsi istiqamətində qanunvericilik və institusional tədbirlər həyata keçirilir”.
1news.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda keçirilən konfransın açılış nitqində deyib.
O bildirib ki, qadınların təhsil və iqtisadi imkanlarının genişləndirilməsi onların hüquqlarının müdafiəsi, təhlükəsizliyinin təmin olunması və cəmiyyətdə bərabərhüquqlu iştirakının gücləndirilməsi ilə birbaşa əlaqəlidir.
B.Muradovanın sözlərinə görə, qadınlara qarşı məişət və digər zəminlərdə törədilən zorakılığın qarşısının alınması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
"Son illərdə ölkəmizdə bu sahədə əhəmiyyətli qanunvericilik dəyişiklikləri edilib, institusional tədbirlər və mexanizmlər reallaşdırılmaqdadır. Xüsusilə qanunvericiliyə edilmiş dəyişikliklər əsasında zərərçəkmiş şəxslərə dövlət hesabına hüquqi yardımın göstərilməsi, mühafizə orderlərinin tətbiqinin təkmilləşdirilməsi, yerli icra hakimiyyəti orqanlarında monitorinq və əlaqələndirmə qruplarının fəaliyyətinin təşkili, yerli səviyyələrdə aidiyyəti qurumların birgə fəaliyyətinin reallaşdırılması mühüm əhəmiyyət daşıyır", – deyə komitə sədri qeyd edib.
O diqqətə çatdırıb ki, konfransın 25 noyabr – Qadınlara qarşı zorakılığın aradan qaldırılması uğrunda Beynəlxalq Mübarizə Günü ilə əlaqədar 16 günlük fəallıq kampaniyasının başlanması ərəfəsində keçirilməsi mövzuya əlavə aktuallıq qazandırır.
B.Muradovanın sözlərinə görə, noyabrın 25-dən dekabrın 10-dək – Beynəlxalq İnsan Hüquqları Gününə qədər davam edən kampaniya qadınların hüquqlarının qorunmasına, onlara qarşı təzyiq, təhdid və zorakılığın qarşısının alınmasına, zərərçəkmiş şəxslərin müdafiəsinə və cəzasızlığa son qoyulmasına çağırış edir.
"Bu kampaniyanın əsas mesajı gündəlik fəaliyyətimizin də mahiyyətini ifadə edir. Zorakılığa qarşı mübarizə yalnız hüquqi tədbirlərlə məhdudlaşmamalıdır. Onun sosial və mənəvi səbəblərinin araşdırılması, aradan qaldırılması üçün cəmiyyətin, əlaqədar qurumların səyləri birləşdirilməli və hər bir insanın həyatı və ləyaqətli yaşamı üçün məsuliyyətli davranış formalaşdırılmalıdır", – deyə B.Muradova bildirib.












