1news.az

600+ bal toplayanlar: Kürdəmirdəki bir sinfin uğuru - 11v sinfinin zəkalı məzunlarını biz də tanıyaq – FOTO

11 Sentyabr saat 09:30 ~ 7 dəqiqəlik oxu 20170
600+ bal toplayanlar: Kürdəmirdəki bir sinfin uğuru - 11v sinfinin zəkalı məzunlarını biz də tanıyaq – FOTO

Bu yaxınlarda 1news.az saytı Kürdəmiz rayonunun 1 saylı orta məktəbinin 11v sinfinin altı şagirdinin ali təhsil müəssisələrinə qəbul imtanahlarında yüksək nəticələr göstərdikləri barədə xəbər vermişdi.

Bu gün isə sizi həmin istedadlı uşaqlarla daha yaxından tanış etmək istəyirik.

Onlar həyatın yetkinlik dövrünə hələ ilk addımlarını atsalar da, təhsilə qarşı məsuliyyətli münasibət onların parlaq gələcəyindən xəbər verir. Bu uşaqların hər birinin öz istəkləri, bu və ya digər sahədə karyera qurmaqla bağlı arzuları var və onlar mütləq qarşılarına qoyduqları məqsədlərə çatacaqlar. Lakin bütün bunlar hələ gələcəyin işidir, hələlik isə onlar həyatın ən gözəl dövrlərindən biri olan tələbəliyin astanasındadırlar.

11v sinfinin sinif rəhbəri və riyaziyyat müəllimi Kəmalə Nəbiyevanın sözlərinə görə, son 2 ildə bu sinifdə tədris texniki təmüyüllü olmuşdur.

“Bütün uşaqlar dərslərdə aktiv iştirak edir və geniş dünya görüşünə malik idilər. Deyə bilmərəm ki, onlar yalnız bir istiqamət üzrə inkişaf ediblər, bu uşaqlar hərtərəfli inkişaf etmiş uşaqlarındır. Onlar qarşılarına məqsəd qoymuşdu və fədakarcasına bu məqsədə doğru irəliləyirdilər. Bu səylərin nəticəsində sinfimiz təkcə rayon səviyyəsində deyil, bütün ölkə səviyyəsində ən yaxşı nəticəni göstərmiş oldu”, - deyə müəllim bildirir.

Kəmalə xanım rayonlarda təhsil səviyyəsinin aşağı olması fikrilə qətiyyən razılaşmır: “Öz işlərini sevən müəllimlər və zəhmətkeş  şagirdlər olarsa, harada olmasından asılı olmayaraq, paytaxtda, yaxud regionda, nəticə mütləq yaxşı olacaqdır. Əlbəttə, müəllimlərdən də çox şey asılıdır, lakin etiraf etmək lazımdır ki, şərtləndirici amil yenə də şagirdin özünün istedadı, onun təhsil almaq qabiliyyətidir. Bu halda onun zəhməti özünü daha tez doğruldur”.

Sinif rəhbərinin sözlərinə görə, altı şagirdin hamısı hazırlıq məşğələlərinə gedirdi: “Etiraf etmək lazımdır ki, bunsuz qəbul olmaq çox çətindir. Son illərdə repetitor köməyi olmadan qəbul imtahanlarında yüksək nəticələr göstərmiş uşaqlar görməmişəm. Lakin, əlbəttə ki, bu da kifayət etmir, məktəb dərslərində də aktiv olmaq lazımdır”.

K.Nəbiyeva onu da qeyd edib ki, məktəblərində aparılan təmir işləri ilə əlaqədar olaraq, şagirdlər 3 müxtəlif məktəb arasında bölünmüşdü. Pandemiya dövründə onlayn-təhsilə keçid kimi digər çətinliklər də var idi, lakin bütün bunlar şagirdlərin səy göstərməsinə təsir etmədi və bunlara rəğmən onlar yüksək nəticələr göstərdi.

“Sinfimizdə 22 şagird var. Sentyabrın 10-dan etibarən ixtisas seçimi başlayır, lakin imtahan nəticələrinə əsasən də deyə bilərəm ki, 20 nəfər qəbul olmalıdır. Elə uşaqlarımız var ki, 500-dən, 400-dən yuxarı bal toplayıblar. İnanıram və ümid edirəm ki, onların hər biri arzuladığı fakültəyə qəbul olacaq”, - sinif rəhbəri bildirir.

668 bal toplamış və bütün Kürdəmir rayonu üzrə ən yüksək nəticə göstərmiş Rəvan Rzayevin sözlərinə görə, o öz potensialına inanırmış və lap əvvəldən qarşısına 650 baldan artıq toplamaq məqsədi qoyubmuş.

 “Bilirdim ki, bunu edə biləcəyəm. Buraxılış imtahanı gözlədiyimdən çətin keçdi, qəbul imtahanı isə, əksinə, daha asan. Ən böyük arzum Bakı Ali Neft Məktəbinin "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" fakültəsinə qəbul olaraq ixtisaslı kadr olmaq, gələcəkdə isə təhsilimi xaricdə davam etdirməkdir”, - Rəvan deyir.

Onun sözlərinə görə, məktəblərində təhsil səviyyəsi çox yüksəkdir, əks halda, bu qədər məzun bu cür yüksək ballar toplaya bilməzdi: “9-cu sinifdən sonra bölünmənin olması və sinfimizin texniki təmayüllü sinfə çevrilməsi də öz rolunu oynadı. Faktiki olaraq, bizə qəbul olmaq üçün tələb olunan fənnlər tədris edilirdi. Əlbəttə ki, müəllim heyəti və onların ixtisaslaşması da böyük rol oynadı”.

Müvafiq olaraq, 656 və 645 bal toplamış İlqar və Vüqar Nəsirli qardaşları da yüksək nəticə ilə fərqlənənlər sırasındadır. Gənclər etiraf ediblər ki, hər zaman Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” fakültəsinə qəbul olmağı arzulayıblar.

 “Təbii ki, imtahanları uğurla verəcəyimi gözləyirdim, axı bu cür yüksək balları təsadüfən toplanılmır.  Oxumaq və buna hazırlaşmaq lazımdır. Təxminən iki il repetitor yanına getmişəm. Son yarım il ərzində pandemiya səbəbindən məktəbimizdə tədris prosesi onlayn-formatda keçirilirdi, nəticədə hazırlaşmaq üçün daha çox vaxt yarandı. Bu səbəbdən, azı 600 bal toplayacağımı başa düşürdüm. Daha yüksək nəticə göstərə bilərdim, lakin bir neçə mexaniki səhvə yol verdim”, - deyə İlqar bildirir.

Həmsöhbətimizin sözlərinə görə, ən çox bal məhz 1 saylı orta məktəbin şagirdləri tərəfindən toplanıb: “Hesab edirəm ki, bu təsadüfi deyil, çünki keçən il də rayon üzrə ən yüksək balları bizim məktəbin məzunları toplamışdılar. Buna həm siniflərin təmayüllər üzrə bölünməsi, həm müəllimlərin öz işinə vicdanlı münasibəti və təbii ki, şagirdlərin özlərinin məqsədə çatmaq üçün çalışması təsir etmişdir. Məqsədə çatmaq üçün çalışmayan və daim müəllimlərin köməyinə ehtiyac duyan şagirdlər karantin dövründə çox geriləmiş oldular”.

Onun qardaşı – Vüqar Nəsirlinin sözlərinə görə, o da qəbul imtahanlarında yüksək bal toplayacağına daim inanırmış: “Qardaşımla biz hələ ibtidai siniflərdən uğurlar qazanırdıq, buna görə də, yaxşı nəticə ilə qəbul olacağımızı hesab etmək üçün əlimizdə bütün əsaslar var idi”.

Bu gənc əmindir ki, 10-11-ci siniflərdə hazırlaşdığınız repetitor yalnız biliklərinizi möhkəmləndirməkdə sizə kömək ola bilər, yox əgər əvvəlki 9 ili yaxşı məşğul olmamısansa maksimum 400 bala ümid edə bilərsən: “Məktəblərdə tədris yüksək səviyyədə olmalıdır ki, şagirdlərin repetitorla hazırlaşması rahat olsun. Bizim məktəbdə isə dərslər həqiqətən səmərəli və məzmunlu keçirdi. Müəllim heyətimiz çox tələbkardır. Digər az əhəmiyyət kəsb etməyən məsələ - onların şagirdləri oxumağa həvəsləndirməsidir”.

618 bal toplamış Ağamusa Mahmudov da, öz növbəsində, bildirir ki, qəbul imtahanlarına çox ciddi hazırlaşırmış: “Təxminən 600 bal toplayacağımı bilirdim. Məktəbimizdə həm təhsil səviyyəsi yüksəkdir, həm də şagirdlər öz üzərilərində çox çalışırdılar. İmtahanlara gəlincə, onlar mənə çətin görsənmədi”.

Bu gənc hərbi həkim olmaq niyyətində olduğunu qeyd edir: “Mən artıq bu ixtisası seçmişəm və sənədlərimi Azərbaycan Tibb Universitetinin "Hərbi həkim işi" fakültəsinə qəbul olmaq üçün təqdim etmişəm”.

606 bal toplamış Əliağa Salmanovun sözlərinə görə, müəllimləri onun uğur qazanacağına əmin idilər: “Mən də güman edirdim ki, yüksək bal toplayacağam, lakin müəllimlər buna mənim özümdən daha çox inanırdılar. İmtahanın çətinliyinə gəlincə, tapşırıqlar keçənilki səviyyədə idi. Onların çətin, yaxud asan olduğunu söyləyə bilmərəm”. 

Məzun qeyd edir ki, onların texniki təmayüllü sinfində çox güclü şagirdlər toplanmışdı, buna görə də, imtahanlarda bu cür yüksək göstərici gözlənilən idi.

“Bakı Mühəndislik Universitetində “Kompüter mühəndisliyi” fakültəsini seçmək niyyətindəyəm”, - deyə o bildirib.

601 bal toplamış Türkan Səlimova da yaxşı nəticə gözləyirmiş: “İmtahanda kiçik narahatlıq var idi, lakin onun öhdəsindən gələ bildim. Mənə inanan müəllimlərə təşəkkürümü bildirirəm”.

Gənc qız hər zaman həkim olmaq arzusunda olduğunu vurğulayıb: “Bu mənim uşaqlıq arzumdur. Bunu valideynlərimə dedikdə onlar mənə dəstək oldular və mən qəbul imtahanlarına hazırlaşmağa başladım. Azərbaycan Tibb Universitetinin "Müalicə işi" fakültəsinə qəbul olmaq istəyirəm.

Bu istedadlı gənclərə əməklərinin yerdə qalmamasını və seçdikləri sahələr üzrə karyera qurmalarını arzu edirik!

Leyla Məmmədova

 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net