Braziliyada təyyarə qəzası: ölənlər var
Braziliyanın Mato Qrosso ştatında kiçik təyyarənin kənd ərazisinə düşməsi nəticəsində 3 nəfər həyatını itirib.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin mərkəzi-qərb hissəsində yerləşən Mato Qrosso ştatının Aqua Boa şəhərinin kənd ərazisində baş verib.
Məlumata görə, təyyarə şəhər mərkəzindən təxminən 18 kilometr, ştatın paytaxtı Kuyabadan isə 730 kilometr məsafədə yerə çırpılıb. Zərbənin təsirindən təyyarə alovlanaraq tamamilə yanıb.
Yerli vaxtla saat 08:50 radələrində hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının söndürülməsi üçün təxminən 4 min litr sudan istifadə edilib.
Təyyarənin qalıqlarına baxış zamanı tamamilə yanmış vəziyyətdə 3 nəfərin meyiti aşkarlanıb. Onların kimliyinin müəyyənləşdirilməsi və məhkəmə-tibbi ekspertizanın aparılması üçün cəsədlər aidiyyəti quruma təhvil verilib.
Təyyarənin haradan qalxdığı və hara uçduğu barədə hələlik məlumat verilmir.
Qəzanın səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma başladılıb.












