1news.az

Suriya böhranı: İdlibdə baş verənlər yeni müharibənin başlanğıcıdırmı? - TƏHLİL

28 Fevral saat 16:00 ~ 7 dəqiqəlik oxu 687
Suriya böhranı: İdlibdə baş verənlər yeni müharibənin başlanğıcıdırmı? - TƏHLİL

Suriyada bir müddət əvvəl atəşkəs elan olunmasına baxmayaraq, ötən gün Rusiyanın dəstəklədiyi Bəşşar Əsədə sadiq qüvvələr tərəfindən Türkiyə Silahlı Qüvvələrinin İdlibdə olan əsgərlərinə aviazərbə endirilib.

Aviazərbələr nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 33 əsgəri şəhid olub, xeyli sayda əsgər isə yaralanıb. Türkiyənin buna cavabı gecikməyib.

Baş vermiş hadisə ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Beştəpədəki Prezident Administrasiyasında təcili toplantı keçirib. Toplantıda Əsəd rejiminə qarşılıq verilməsi ilə bağlı qərar qəbul edilib.

Az sonra Türkiyə Silahlı Qüvvələrinin İdlibdə keçirdiyi hərbi əməliyyatlar zamanı şəhid olan əsgərlərin intiqamını alıb. Suriya qüvvələrinin hərbi obyektləri məhv edilib, çoxlu sayda əsgəri öldürülüb.

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Suriyanın İdlib bölgəsində 33 türk əsgərini şəhid edən Suriya rejimi ünsürlərindən 309-nun zərərsizləşdirildiyini bildirib. Nazir Akar hücumdan sonra yoxlamalar məqsədilə getdiyi Hatay şəhərində xain hücumun detallarından danışıb.

Hücumun İdlibdə Türkiyə Silahlı Qüvvələrinin olduğu yərlərin Rusiya ilə əvvəldən razılaşdırılmasına baxmayaraq edildiyini vurğulayan Akar “Təcili tibbi yardım maşınlarının belə vurulduğu bu hücum zamanı hərbi qoşunlarımızın ətrafında heç bir silahlı qrupun olmadığını vurğulamaq istəyirəm” deyib.

Milli müdafiə naziri Akar ayrıca, “Xain hücumdan sonra qırıcılar, silahlı uçuş aparatları (SİHA) və qurudan dəstək vasitələrimizlə 200-dən çox rejim hədəfi ağır atəş altına alındı. Atəş nəticəsində 5 helikopter, 23 tank, 23 top və haubitsa, bir SA-17, bir SA-22 hava müdafiə sistemi, 309 rejim əsgəri zərərsizləşdirildi” deyib.

Xatırladaq ki, fevralın 10-dan etibarən son hadisələrə qədər Türkiyə Silahlı Qüvvələrinin endirdiyi zərbələr nəticəsində Suriya ordusu birləşmələri 1709 itki verib. Türkiyə ordusu həmçinin 55 tank, üç helikopter, 18 zirehli maşın və 29 top məhv edib.

Türk əsgərlərinin şəhid olması ilə nəticələnən əməliyyatın arxasında Rusiya Silahlı Qüvvələrinin durması ehtimal olunur.  Rusiya tərəfi isə bu iddialardan yayınmaq üçün açıqlama verib. Açıqlamada qeyd olunub: “Türkiyə bu bölgədə türk əsgərlərinin olması mövzusunda bizi məlumatlandırmadı. Hava hücumunda rus təyyarəsi yer almayıb”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. TASS-ın məlumatına görə, Rusiyanın XİN başçısı Sergey Lavrovun dediyinə görə, dövlət başçıları Suriyanın İdlib vilayətindəki son hadisələri müzakirə ediblər.

"Türkiyə ilə koordinasiyalı fəaliyyəti və əməkdaşlığı davam etdirməyə hazırıq. Dövlət başçıları da İdliblə bağlı anlaşmaların tətbiqini və onlara riayət olunmasını müzakirə ediblər"- deyə, S.Lavrov deyib.

Baş verən hadisə bütün dünyanın gündəmini zəbt edib.  Avropa İttifaqı və ABŞ Suriyada türk əsgərlərinə hücumu pisləyən bəyanatlar yayıb.  NATO bu gün Türkiyəyə görə fövqəladə iclas keçirəcək.

Baş verən hadisə ilə bağlı Azərbaycandan Türkiyəyə başsağlığı verilib.

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) rəsmi “Tvitter” hesabında İdlibdə Türkiyə hərbçilərinin şəhid olması ilə bağlı başsağlığı verib.

Müdafiə naziri Zakir Həsənov da türkiyəli həmkarı Hulusi Akara zəng edərəb başsağlığı verərək “Sizin acınız bizim də acımızdır” deyib.

Ölkə Prezidenti İlham Əliyev də baş verən hadisə ilə bağlı Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Məktubunda türk əsgərlərinin şəhid olması xəbərini dərin kədər hissi ilə qarşıladığını deyən Prezident İlham Əliyev baş vermiş bu hadisə ilə əlaqədar Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.

BMT baş katibi Antonio Quterreş Suriyanın İdlib bölgəsində 33 əsgərlərin şəhid olduğu rejim qüvvələrinin hücumuna münasibət bildirib.

BMT baş katibi Quterreş yaydığı açıqlamada Suriyanın şimal-qərbində gərginliyin tarıma çəkilməsi və rejim qüvvələrinin hücumunda çox sayda Türk əsgərin şəhid olmasından narahat olduğunu və dərin kədər duyduğunu bildirib.

Baş katib İdlibdə dərhal atəşkəs elan edilməlidir deyib, hərbi gərginliyin artması ilə dinc sakinlər üçün təhlükənin daha da artacağına diqqət çəkib və bundan narahat olduğunu vurğulayıb.

Lazımlı tədbirlərin görülməməsi halında vəziyiyyətin daha da pisləşəcəyini ifadə edən Quterreş Suriya məsələsinin hərbi yollarla həllinin mümkün olmayacağını, yeganə həll yolunun BMT-nin himayəsində tapılacaq siyasi həll yolu olduğuna inandığını qeyd edib.

İdlibdə baş verənlər qaçqın problemini yenidən aktullaşdırıb. Belə ki, Türkiyə hökuməti quru və ya dəniz yolu ilə Avropaya keçmək istəyən suriyalı qaçqınların qarşısını almayacağını bildirib. Bu bəyanatın ardınca Türkiyədə məskunlaşmış suriyalı qaçqınlar ölkənin Avropa sərhədlərinə doğru yürüşə başlayıblar.

Bəs görəsən İdlibdə türk əsgərlərinə qarşı atılan bu xain addım nə ilə nəticələnəcək? Yoxsa regionda yeni bir müharibə başlayır?

Məsələ ilə bağlı  1news.az-a danışan Türkiyə üzrə ekspert, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlıya görə, Türkiyə bir neçə istiqamətdə addım atmalıdır.

“Suriyada öz təhlükəsizlik maraqlarından qaynaqlanan atdığı addımıların və ya atmaq istədiyi addımların atılmasını üzərində görməsidir. Bu məsələ beynəlxalq baxımdan problem yaradır. Onsuz da Suriyada mövcud hakimiyyətlə münasibətləri normal deyildi, amma təxminən açıq müharibə vəziyətinə keçdilər, əgər biz bunu Suriya-Türkiyə münasibətləri konteksində dəyərləndirsək. Bunu Türkiyə-Rusiya münasibətləri baxımından dəyərləndirsək görərik ki, Türkiyə Rusiya ilə münasibətdə yaxşılaşmaya doğru gedirdi, müəyyən problemlər yaşanmağa başlanmışdı, xüsusən İdlibdəki anlaşmazlıq və Türkiyə-Ukrayna münasibəti fonunda. İndi o daha da kəskinləşdi. Türkiyənin qərblə münasibətləri son vaxtlar kəskinləşirdi, xüsusən ABŞ və Avropa ittifaqı ilə münasibətlər pisləşirdi. Dünənki hadisədən sonra o iki istiqamətdə geri dönüş görürük. ABŞ və Avropa İttifaqı ilə münasibətlər bir qədər yaxşılaşa bilər”.

A.Aslanlı bildirib ki, daxili ictimai rəylə bağlı müəyyən fikir ayrılıqları var:

“Birincisi klassik Ədalət və inkişaf Partiyası (AK Partiya) yanaşması – “doğru yoldayıq və davam etməliyik”, ikincisi Türkiyənin Suriyaya, Liviyaya hərbçi göndərməyinə qarşı çıxan və onu sərt şəkildə təqdin edən təbəqə. Amma eyni zamanda ümumimən Türkiyə cəmiyyətinin birləşməsi müşahidə edilir. İdlibdə Türkiyə Ordusuna hücumdan sonra, şəhidlər verildikdən sonra onlar dövlətin mövqeyini dəstəkləyirlər”.

Ekspert deyib ki, Türkiyə artıq bəzi addımları atmağa başlayıb:

“Söhbət hərbi sərt addımlardan gedir. Düzdü onlar düşünürlər ki, bu zərbələrdən sonra Əsəd hakimiyyətdən gedəcək, amma bu ehtimal zəifdi. Rusiya o qədər addımların endirilməsinə icazə verməz. Hər halda Türkiyə həm Suriyadakı varlığını gücləndirməyə, həm Suriyada prosesdə iştirak edən digər dövlətlərə , “mən buradayam və güclüyəm”  mesaj verməyə çalışacaq,  həm də indiyəqədər olduğundan daha sərt addımlar atacaq. Bunu qismən Rusiyanın təyyarəsinin vurulmasından sonra radikallığını artırması ilə müqayisə edə bilərik. Necəki Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra Rusiya sərtləşmişdi, indi də yəqin Türkiyə buna bənzər şəkildə daha sərt hərbi addımlar atacaq. Türkiyə intiqam almağa çalışacaq,Rusiya isə Əsəd hakimiyyətini qorumaq istiqamətində hərəkətə keçəcək”.

A.Aslanlının sözlərinə görə, Türkiyənin suriyalı qaçqınları göndərmək istəyi Avropanın hərəkətə keçməinə səbəb olacaq:

“Avropa qaçqınları qəbul etmək istəmir. Türkiyədə Avropa ilə həm ümumi münasibətlərdə, həm də xüsusilə qaçqınlarla bağlı məsələdə arzuladıqlaını əldə etməiblər deyə yəqin  ki, dediyini edəcək. Qaçqınların Avtopaya getmələrinə imkan yaradılacaq. Avropa həm dünənki açıqlama ilə, həm də bu gün ortaya qoyulan mövqelərlə Türkiyənin uzaqlaşmasına icazə vermir. Amma bu konteksdə Türkiyə həm Rusiya istiqamətində, həm Avropa ilə bağlı mənim fikrimcə əvvəlkindən daha sərt addımlar atılacaq”.

Qafar Ağayev

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net