Mədəniyyət Nazirliyində gedən “oyunlar” – Kim, nə qədər mənimsəyib? - TƏHLİL | 1news.az | Xəbərlər
Cəmiyyət

Mədəniyyət Nazirliyində gedən “oyunlar” – Kim, nə qədər mənimsəyib? - TƏHLİL

17:15 - 14 / 05 / 2020
Mədəniyyət Nazirliyində gedən “oyunlar” – Kim, nə qədər mənimsəyib? - TƏHLİL

Azərbaycanda korrupsiya və rüşvətlə mübarizə dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Bunun nəticəsində ölkədə korrupsiya və rüvşətxorluqla mübarizə sahəsində kifayət qədər uğurlu addımlar atılıb. Ölkə başçısı İlham Əliyev çıxışlarında da "Xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır. Bu mübarizə bu gün öz nəticələrini verir. Mən bunu bir neçə dəfə demişəm ki, xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq" – bildirib. Ölkə başçısının xəbərdarlıqlarına rəğmən yenə də bəzi məmurlar qanunsuz əməllərinə davam edir. Bunun nəticəsində də xüsusi əməliyyatlar keçirilir.

Son bir neçə ay ərzində Ağstafa, Neftçala, Yevlax, Biləsuvar, İmişli rayonu icra hakimiyyətlərində korrupsiya və rüşvətxorluq halları aşkarlandığı üçün Dövlət Təhlükəsizlik Xidməti tərəfindən əməliyyat keçirilib. Keçirilən xüsusi əməliyyat nəticəsində həmin rayonların icra başçıları və səlahiyyətli şəxsləri saxlanılıb.

DTX-nın növbəti əməliyyatı Mədəniyyət Nazirliyində oldu. Belə ki, aparılan araşdırmalarla, Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Rafiq Bayramov və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb. DTX keçirdiyi əməliyyatın videosunu mayın 12-də yayıb.

1news.az xəbər verir ki, İqdisadçı ekspert, jurnalist Toğrul Vəliyev bu faktlarla bağlı təhlilini öz Teleqram hesabında qeyd edib.

T.Vəliyevin təhlilini təqdim edirik:

DTX tərəfindən Mayın 12-si yayılan videoda bir çox maraqlı faktlar əks olunub.Misal üçün, İcra Hakimiyyətlərində keçirilən əməliyyatlardan biz yalnız 20%-nin “otkat”(rüşvət) qismində götürüldüyünü öyrəndik, amma indiki məsələ daha aydın və ətraflıdır.


“İrəvan Dövlət Azərbaycan Dram Teatrı binası”



2018-ci ilin iyunun 8-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Binəqədi rayonu ərazisində yerləşən İrəvan Azərbaycan Dövlət Dram Teatrı binasının əsaslı təmiri və yenidənqurulması layihəsinin dəyişikliklərin olunması üçün layihə-smeta sənədlərinin hazırlanması üzrə kotirovkalar sorğusu üsulu ilə satın alınması barədə elan verib. Müvafiq elanın nəticəsi olaraq iyunun 22-də “Projekt LTD” adlı bir şirkət qalib elan olundu. Müqavilənin məbləği 49 501 AZN təşkil etdi (açıq tenderin keçirilməsinə düz 500 AZN kifayət etmirdi).

Eyni ünvanda qeydiyyatdan keçən tender qalibi şirkətlər kimə məxsusdur?

Bu şirkət barədə məlumat tapmaq çətindir. Şirkətin nizamnamə kapitalı 20 AZN-dir və direktoru qismində Bayramova Samirə Tahir qızı çıxış edir. İndiki ünvanı da Nəriman Nərimanov prospekti ev 127, m.5 göstərilir. Bu da adi yaşayış binasıdır. Maraqlıdır ki, şirkətin keçmiş ünvanı Nizami rayonu, E. Süleymanov küçəsi ev 137, m. 23 idi. Bu isə hələ də digər layihəçi şirkət olan “Arxin-M LTD”-nın qeydiyyat ünvanıdır. Bu şirkət nisbətən iridir. Misal üçün, bu ilin fevralında bu şirkət Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 528 min manatlıq tenderində qalib olub. Dövlət satınalmalar reestrinə görə isə 2017-2018-ci illərdə “Arxin-M LTD” 1,66 milyon manatlıq tenderlərdə qalib gəlib (jurnalistlər evinin də layihəçisi qismində çıxış edib). Və yeri gəlmişkən, “Kompass” bazasına görə şirkətin real ünvanı məhz yuxarıdaki N. Nərimanov prospekti 127-də yerləşir. Faktiki olaraq təxmin edə bilərik ki, “Arxin-M LTD” və “Projekt LTD” bir-birinə bağlı olan şirkətlərdir.

Bu şirkət ilə bağlı DTX nəsə bir problem açıqlamadı. Amma məhz bu şirkətin hazırladığı layihə-smeta sənədləri əsasında İrəvan Azərbaycan Dövlət Dram Teatrı inzibati binasının və əlavə olaraq 1 mərtəbəli dülgər emalatxanası, 2 mərtəbəli əlavə tikili (emalatxana üçün), 2 ədəd su anbarı, 1 mərtəbəli qazanxana və nasosxana binası və 1 mərtəbəli generator binasının tikintisi layihəsi 11 milyon manata hesablandı.

Eyni ilin dekabrında binanın təmirinə dair tenderin qalibi Piramida-FR MMC şirkəti oldu. Müqavilənin məbləği 11 026 699,51 AZN təşkil etdi. Bu dövlət satınalmaları reestrində məşhur şirkətindir. Əgər reestr üzrə axtarış etsəz orada ən azı şirkətin qalib gəldiyi 50 tenderi görə bilərsiz. Şirkətin hətta saytı da var (2010-2017-ci illər arasında ən azı 1,3 milyon manatlıq tenderlərdə qalib gəlib). Saytına görə şirkət təmir işləri ilə yox laboratoriyalar üçün avadanlıq satışı ilə məşğuldur (həmçinin onlayn olan idxal-ixrac bazalarına görə ən azı 2015-2016-ci illərdə müxtəlif avadanlıqları ölkəyə gətirib). Amma qalib gəldiyi bütün tenderlər təmir işləri ilə bağlıdır. Maraqlıdır ki, 2018-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Bakı şəhəri səyyar monitorinqinin nəticələrinə görə şirkətdə müqaviləsiz çalışan işçilər müəyyən olunub.

Şirkətin kimə məxsus olduğunu öyrənmək çətindir, amma reestr məlumatlarına görə şirkətin qanuni təmsilçisi qismində Əlövsət Bilal oğlu Orucov çıxış edir. Amma DTX-nin videosundan “şirkətin rəhbəri” qismində Şamxal Ağaşirinov çıxış edir. Reestrə görə şirkətin rəhbəri dəyişməyib.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyinin baş direktoru olmuş qalmaqallı məmur Qüdrət Şükürov da bu qanunsuz əməllərin bir parçası olub….



Sahibini öyrənmək üçün bu şirkət ilə bağlı olan digər şirkətləri müəyyən etmək lazımdır. Eyni ünvan üzrə daha 3 şirkət qeydiyyatdan keçib: “Piramida-2001” MMC, “Lifttexmontaj” MMC (sonradan ünvanını dəyişdirib) və “A-Marble” MMC. Sonuncusunun adı isə Piramida-FR-nın saytında da qeyd olunur. Başqa sözlə bu şirkətlər bir-birinə bağlıdırlar. Amma yalnız biri barədə biz təsisçilərinə dair məlumatı tapa bilərik. Belə ki, “Lifttexmontaj” MMC-nin təsisçisi Şükürov Qüdrət Balamamməd oğlu idi. Amma təsis olunduğu vaxt şirkətin ünvanı başqa idi. Bununla belə Piramida-F.R. şirkəti liftlər ilə bağlı çoxsaylı tenderlərdə iştirak edir (keçən il ərzində Bakı Dövlət Universitetində 22 liftə texniki xidmət və s.). Müəyyən qədər buna əsasən onu lift sahəsi ilə də əlaqələndirə bilərik (amma Lifttexmontaj da bir çox tenderlərdə qalib olur).

Qüdrət Şükürov isə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyinin baş direktoru idi. Dövlətə məxsus İB birliyində baş direktor olaraq həm lift təmir xidmətləri təklif edən şirkətin təsisçisi qismində çıxış etmək maraqlı faktdır. Ümumiyyətlə onun adı bir çox korrupsiya faktlarında hallanıb (ən məşhuru "Otis" şirkəti ilə bağlı idi).

İndi onun Piramida-F.R. şirkətinə aid olub-olmamasına dair faktlarımız yoxdur, çünki onun şirkəti ünvanlarını tez-tez dəyişib. Ola bilər ki, bu dəyişkənlik sahiblərin dəyişilməsi ilə bağlı idi. Amma müəyyən müddət Piramida-F.R. ilə şirkət bağlı idi. Ən azı 2019-cu ildə isə sahələri də bir-birinə bağlı idi (hər ikisi lift təmiri işlərini yerinə yetirirdilər).

Qəzet redaksiyaları niyə tikinti kooperativinin binasından çıxarılıb?

Eyni zamanda Piramida-F.R. şirkətinin adı daha bir neçə korrupsiya faktları ilə bağlı idi. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Xətai rayonunda həyata keçirilən işlər ilə maraqlanmağa başlamışdılar. Tenderlərin kifayət qədər hissəsini isə Piramida-F.R. şirkəti udmuşdu (2017-2019-cu illərdə 2,97 milyon manatlıq 3 tenderdə).

Şamxal Ağaşirinovun adı isə Səma MTK-nin qanuni təmsilçisi kimi gedir. Bu tikinti kooperativi İnşaatçılar prospektində yerləşir və 2000-ci ildən bəri fəaliyyətdədir. Bu binada vaxtilə “Gündəlik Azərbaycan” və “Realni Azərbaycan” qəzetlərinin redaksiyaları yerləşib. E. Fətullayevin məhkum edilməsindən sonra məhz Ş. Ağaşirinovun sözlərinə görə “qəzetlərin yerləşdiyi otaqlarda bəzi təhlükəsizlik qaydalarına riayət” olunmadığına görə, redaksiyalar binadan çıxarılmışdır. Eyni zamanda qanuni təmsilçi qismində “Qlobal Construction and Engineering Company” və “Nur-El” şirkətlərində çıxış edir. İkincisinə Nabranda restoran məxsusdur. Orada yanğın baş vermişdi və məlumatda qeyd olunurdu ki, məhz Ş. Ağaşirinov həm obyektin sahibidir. Ola bilər ki, bütün göstərilən şirkətlərin sahibi məhz Ş. Ağaşirinovdur.

Xidmət rəhbərinə qaytarılan vəsaitin 20 faizi....

İndi keçək birbaşa korrupsiya faktına. Deməli Zakir Sultanovun dediyindən belə alınır ki, ayrılmış 11 milyon manatdan müvafiq Dövlət Xidmətinə yalnız 6 milyondan bir qədər yüksək məbləğ keçdi. Şirkət rəhbərinin sözlərinə görə isə ƏDV ödənildikdən sonra qalan vəsaitin 20%-ni o xidmət rəhbərinə qaytarıb. 20% isə 900 min manatdır (elə alınır ki, şirkətə ümumiyyətlə 5,3 milyon manat qalıb). Maraqlıdır ki, tikintiyə yalnız 2019-cu ilin iyunun 3-də başlanılmışdır (2018-ci ilin dekabrında isə pul ayrılmışdı) və bundan əvvəl 2019-cu ilin fevralında əlavə 2 milyon manat ayrılmışdı. Yəni təxmin etmək olar ki, ümumi tikinti 13 milyon manat vəsaitə başa gəlib. Birbaşa tikintiyə isə onun yalnız 3-4 milyon manatlıq hissəsi gedib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin eks-rəisi Zakir Sultanov


Maraqlıdır ki, bu boyda rüşvət faktına baxmayaraq şirkət Dövlət Xidməti ilə əməkdaşlığını davam edib. 2019-cu ilin fevralında şirkət Hökumət evinin 2-ci mərtəbəsində yerləşən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə aid inzibati otaqlarda təmir işlərini də həyata keçirib".

 Mədəniyyət nazirinin eks-müavini Rafiq Bayramov

1news.az

Paylaş:
2535

Son xəbərlər

Bütün xəbərlər