1news.az

Polad Bülbüloğlu adının “İlin ən fəal səfiri” sorğusuna salınmasına etiraz edib

9 Dekabr saat 13:40 ~ 3 dəqiqəlik oxu 3660
Polad Bülbüloğlu adının “İlin ən fəal səfiri” sorğusuna salınmasına etiraz edib

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu “Editor.az” saytının redaktoru Samir Şahbazova məktub ünvanlamışdır.

1news.az-ın verdiyi xəbərə görə, məktubda deyilir:

 “Hörmətli Samir,

Redaktoru olduğunuz saytda “Bu diplomatlardan hansını İLİN ƏN FƏAL SƏFİRİ hesab edirsiniz?” başlıqlı sorğu keçirilir.

Sözügedən sorğuda Azərbaycanı müxtəlif dövlətlərdə təmsil edən fövqəladə və səlahiyyətli səfirlərin adları sadalanır. Mənim də adım razılığım olmadan səsvermədəki siyahıya salınmışdır.

Mən bir neçə dəfə müxtəlif sayt və təşkilatlar tərəfindən keçirilən sorğuların qalibi olmuşam. Açıq desəm, bu barədə aparılmış səsvermədə qalib olduğum haqda məlumat verildikdən sonra xəbər tutmuşam. 

Son zamanlar bir sıra internet səhifələrində belə sorğuların təşkil edilməsi hallarının artdığını, bunun bir trendə çevrildiyini nəzərə alaraq, Azərbaycan KİV rəhbərlərinə müraciət etmək istəyirəm.

Diqqətinizə çatdırmaq istərdim ki, məlum olmayan meyarlar və ölçülər əsasında keçirilən səsvermələr vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan, müxtəlif dövlətlərdə və fərqli siyasi şəraitdə ölkəmizi təmsil edən səfirlərin fəaliyyətinin eyniləşdirilməsi və yaxud müqayisəsi cəhdi yanlışdır və qeyri-mümkündür.

Ölkəmizin hüdudlarından uzaqda onun maraqlarını qoruyan Azərbaycan Səfirinin gündəlik işinin tərkib hissəsinə akkreditə olunduğu dövlətlə ikitərəfli əlaqələrin genişləndirilməsi, Azərbaycanın nailiyyətlərinin təbliği, xarici ölkələrdə olan soydaşlarımızın hüquqlarının qorunması daxildir. Bununla yanaşı, Səfirin fəaliyyətinin elə bir tərkib hissəsi də vardır ki, o, ictimaiyyətə bağlıdır. Burada görülmüş işlərin nəticələri, əldə olunmuş nailiyyətlər isə heç bir sorğu ilə ölçülə bilməz. Bu dövlətlərarası və olduqca ciddi bir işdir. Bütün bunlarla bağlı hesabat Azərbaycan Respublikasının Prezidenti və Xarici İşlər nazirinə verilir və ancaq onlar tərəfindən qiymətləndirilə bilər.

Eyni zamanda, onu da vurğulamaq istəyirəm ki, səsvermələrdə ömrünü Azərbaycan dövlətinə, onun maraqlarının qorunmasına həsr edən şəxslərin adlarının yeni təyin olunmuş gənc səfirlərlə müqayisəsi ümumiyyətlə düzgün deyildir. Belə məsuliyyətli vəzifələrdə dövləti təmsil edən insanları şou xarakterli sorğulara cəlb edərək, bunu idman yarışına çevirmək heç bir etik çərçivəyə sığmır.

Belə səsvermələrin mütəmadi keçirilməsi isə onu deməyə əsas verir ki, saytlar reytinq axtarışındadırlar və sanki bir yarışmaya qoşulublar. Bu qəbuledilməzdir! Təəssüf ki, səfirlərimiz arasında bu kimi səsvermələri ciddi qəbul edənlər də vardır ki, bu da onların arasında yersiz ajiotaja, həmin reytinqləri izləməyə vadar edir.

Bu gün Azərbaycanın Dağlıq Qarabağ kimi dərin yarası və böyük problemi var. Azərbaycan Respublikasının bütün diplomatları Prezident tərəfindən qarşıya qoyulmuş vəzifələri icra etmək üçün akkreditə olunduqları ölkələrdə öz səlahiyyətləri və imkanları çərçivəsində bu ağır problemin həlli istiqamətində iş aparırlar. Görülən işlərin isə hansısa sorğularda qiymətləndirilməsi nəinki gərəksizdir, həm də zərərlidir.

Yuxarıda yazılanları nəzərə alaraq, mənim namizədliyimin qeyd olunan siyahıdan çıxarılmasını Sizdən xahiş edirəm.

Hörmətlə,

Azərbaycan Respublikasının Rusiya Federasiyandakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu.”

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net