Putin: Ukraynanın hərbi-sənaye infrastrukturuna zərbələr davam etdiriləcək
Rusiya Prezidenti Vladimir Putin ölkənin mülki infrastrukturuna qarşı həyata keçirilən hücumlara cavab olaraq Ukraynanın hərbi-sənaye infrastrukturu və onun fəaliyyətini təmin edən obyektlərə zərbələrin davam etdiriləcəyini bildirib.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Putin bu barədə Ukraynada döyüşən hərbi birləşmələrin komandirləri ilə keçirdiyi müşavirədə danışıb.
Rusiya liderinin sözlərinə görə, Kiyev hakimiyyəti döyüş meydanındakı vəziyyətlə bağlı "guya əldə olunan uğurlar" barədə uydurma məlumatlar yayaraq təbliğat kampaniyası aparır.
Putin bildirib ki, həm Ukrayna rəhbərliyinin, həm də özlərini "sülh tərəfdarı" kimi təqdim edən bəzi Avropa siyasətçilərinin əsl məqsədi sülhə nail olmaq deyil, Rusiya ilə müharibəni davam etdirməkdir.
Onun sözlərinə görə, Avropa ölkələrinin bəyanatları və praktiki addımları "müharibənin son ukraynalıyadək davam etdirilməsi" niyyətinin mövcudluğu barədə fikirləri təsdiqləyir.
"Avropa İttifaqının bəzi liderlərinin 7 iyun 2026-cı il tarixli birgə bəyanatında Kiyev rejiminin pilotsuz texnologiyalardan innovativ şəkildə istifadə etməsi alqışlanır. Maraqlıdır, onların nəzərdə tutduğu "innovativ istifadə" bizim mülki obyektlərə, mülki infrastruktura, dinc sakinlərin və uşaqların olduğu nəqliyyat vasitələrinə, tələbə yataqxanalarına edilən hücumlardırmı? Ukraynanın hərbi-sənaye kompleksinin infrastrukturu və onun fəaliyyətini təmin edən obyektlərə qarşı kütləvi və koordinasiyalı zərbələrin davam etdirilməsi zəruridir. Çünki onların bu planları gündəmdədir və həyata keçirilir. Biz də buna uyğun şəkildə cavab verməyə məcburuq", - deyə Putin vurğulayıb.












