Prezidentdən SƏRƏNCAM - Doğum və ölüm haqqında qeydiyyat elektron qaydada aparılacaq | 1news.az | Xəbərlər
Rəsmi

Prezidentdən SƏRƏNCAM - Doğum və ölüm haqqında qeydiyyat elektron qaydada aparılacaq

13:11 - 23 / 09 / 2020
Prezidentdən SƏRƏNCAM - Doğum və ölüm haqqında qeydiyyat elektron qaydada aparılacaq

Prezident İlham Əliyev vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən xəbərinə görə, Fərmanda qeyd edilir ki, doğumun və ölümün dövlət qeydiyyatı aşağıdakılar təmin edilməklə elektron qaydada həyata keçirilsin:

- doğumun və ölümün qeydə alınması üçün elektron qaydada müraciət edilməsi;

- doğum və ölüm faktını təsdiq edən sənədlərin elektron sənəd formasında tərtib edilməsi, doğumun və ölümün qeydə alınması ilə bağlı şəhadətnamələrin və arayışların elektron qaydada verilməsi;

- doğumun və ölümün qeydə alınması ilə bağlı sənədlər üzrə məlumatların, habelə vətəndaşların dəfni ilə bağlı məlumatların Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə və Dəfnlərin vahid dövlət reyestrinə daxil edilməsi (ötürülməsi), eləcə də Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə digər aidiyyəti dövlət informasiya ehtiyatlarına və sistemlərinə ötürülməsi;

- doğumun və ölümün qeydə alınması sahəsində təhlillər aparılması, habelə məlumatların avtomatik ümumiləşdirilməsi və statistik hesabatların hazırlanması.

Fərmanın 1.4-cü bəndinin icrası ilə əlaqədar bu Fərmanın 4-cü və 6–8-ci hissələrində nəzərdə tutulan dövlət orqanları (qurumları) aşağıdakı məlumatların EHİS vasitəsilə əldə olunmasını təmin etməlidirlər:

şəxsin doğumunun qeydə alınması ilə bağlı:

- soyadı, adı, atasının adı;

- cinsi;

- doğum tarixi;

- doğulduğu yer;

- valideynlərinin soyadı, adı, atasının adı və milliyyəti;

- şəxsin ölümünün qeydə alınması ilə bağlı:

- soyadı, adı, atasının adı;

- cinsi;

- doğum tarixi;

- ölüm səbəbi;

- öldüyü yer;

- öldüyü tarix.

Nazirlər Kabinetinə tapşırılır ki, “Doğum haqqında elektron şəhadətnamə”nin və “Ölüm haqqında elektron şəhadətnamə”nin formasını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; doğum və ölüm faktını təsdiq edən sənədlər üzrə məlumatların, habelə vətəndaşların dəfni ilə bağlı məlumatların EHİS vasitəsilə ötürüləcəyi aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin siyahısını bir ay müddətində təsdiq etsin; doğumun və ölümün elektron qaydada qeydə alınması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi doğumun və ölümün dövlət qeydiyyatının, bununla əlaqədar müvafiq şəhadətnamə və arayışların verilməsi ilə bağlı elektron xidmətlərin EHİS vasitəsilə göstərilməsini təmin edəcək.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılır ki, doğumun və ölümün elektron qaydada qeydə alınması üçün “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin EHİS vasitəsilə əlaqələndirilməsini, o cümlədən məlumatların real vaxt rejimində EHİS vasitəsilə ötürülməsini təmin etsin; doğumun və ölümün qeydə alınması ilə bağlı məlumatların avtomatik ümumiləşdirilməsini, habelə təhlillərin aparılmasını və statistik hesabatların hazırlanmasını təmin etsin; bu Fərmanın icrası məqsədilə aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin mütəmadi qiymətləndirilməsini həyata keçirsin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Xarici İşlər Nazirliyi xaricdəki konsulluq idarələri tərəfindən doğumun və ölümün dövlət qeydiyyatı ilə bağlı sənədlərin elektron sənəd formasında tərtib edilməsini və həmin sənədlər üzrə məlumatların həmin gün Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə daxil olunmasını təmin edəcək.

Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılır ki, tibb müəssisələri tərəfindən doğum və ölüm faktını təsdiq edən sənədlərin elektron sənəd formasında tərtib edilməsini və həmin sənədlər üzrə məlumatların real vaxt rejimində EHİS vasitəsilə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə ötürülməsini təmin etsinlər; aidiyyəti üzrə tibb müəssisələrini və təcili yardım briqadalarını zəruri avadanlıqla və internetə çıxışla təmin etsinlər.

Yerli icra hakimiyyəti orqanları yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri (bundan sonra – yerli nümayəndəliklər) tərəfindən doğumun və ölümün dövlət qeydiyyatı ilə bağlı sənədlərin elektron sənəd formasında tərtib edilməsini, həmin sənədlər üzrə məlumatların, eləcə də bələdiyyələrlə birlikdə vətəndaşların dəfni barədə məlumatların həmin gün Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə və Dəfnlərin vahid dövlət reyestrinə daxil edilməsini, habelə yerli nümayəndəlikləri zəruri avadanlıqla və internetə çıxışla təmin edəcək.

Bu Fərmanın 4-cü və 6–8-ci hissələrində nəzərdə tutulan dövlət orqanlarına (qurumları) tapşırılır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən müvafiq informasiya ehtiyatlarını və sistemlərini təkmilləşdirsinlər; bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər.

1news.az

Paylaş:
941

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər