1news.az

Vüqar Rəhimzadə:  “Milli şura”çıların  Ermənistan hakimiyyətinə dəstəyi itmiş mənəviyyatın,   simasızlığın pik nöqtəsidir 

30 İyun saat 17:53 ~ 7 dəqiqəlik oxu 6780
Vüqar Rəhimzadə:  “Milli şura”çıların  Ermənistan hakimiyyətinə dəstəyi itmiş mənəviyyatın,   simasızlığın pik nöqtəsidir 

Dövlətimizin başçısı İlham Əliyevin hər bir çıxışının, səsləndirdiyi hər bir  bəyanatın mahiyyətində  Ermənistanın işğalçılıq siyasətinin dünyaya çatdırılması, ədalətin  bərpa olunması, həqiqətə həqiqət gözü ilə baxılması tələbi  dayanır. Bu günlərdə möhtərəm Prezidentimizin Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışındakı nitqində  söylədiyi fikirlər bir daha işğalçı dövlətə və ona dəstək olan dairələrə ciddi mesaj oldu. 

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru,  siyasi elmlər doktoru Vüqar Rəhimzadə  KİV-ə açıqlamasında bildirib.

“Hazırda diqqəti  çəkən məqam  möhtərəm Prezidentimizin  nitqində əksini tapan reallıqlar qarşısında aciz durumda qalan Ermənistan hakimiyyətinin beynəlxalq ictimaiyyətin diqqətini özündən yayındırmaq üçün əsassız iddiaları və nə qədər təəccüblü də  olsa  onlara Azərbaycanın antimilli  ünsürləri  tərəfindən verilən dəstəkdir. Təbliğatı yalana əsaslanan, ən əsası özünə saxta tarix yazıb bu günə qədər dünyanı yalanlarına inandırmaq üçün dəridən-qabıqdan çıxan işğalçı  bir dövlətə beynəlxalq dəstək uzunömürlü ola bilməz. Çünki  bu yolu tutlan dövlətlər  hər zaman güclü dövlətlər qarşısında əzilən olur, onların maraqlarının ifadəçisi qismində çıxış edir.  Necə ki, işğalçı Ermənistanın müstəqilliyimizin ilk illərində Azərbaycanla bağlı apardığı yalan təbliğat ayaq tutub yeriyir, dünya erməniləri «məzlum, döyülən, əzilən» xalq kimi qəbul edirdi. Azərbaycanın həmin dövrünün iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutması ermənilərin və erməni diasporunun fəallaşmasına meydan açmaqla yanaşı, eyni zamanda, torpaqlarımızın işğalına səbəb olmuşdur.  Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan nitqində məhz bu reallıqlara  diqqət yönəltmişdir. Bu günə qədər özlərində cəsarət tapıb həqiqəti  etiraf etmək imkanında olmayan daxili bədxahlarımız ənənələrinə sadiqlik nümayiş etdirərək  işğalçı Ermənistana dəstək olmaqla  əsl simalarını ortaya qoyur, ictimaiyyətdə bir illik hakimiyyətləri dövründə  əməllərinə görə yaratdıqları   qınağı daha da dərinləşdirirlər. Amma unudurlar ki,  zaman hakim, tarix isə yaddaşdır”.

V.Rəhimzadə qeyd edib ki,   istər Ermənistan hakimiyyətinin, istərsə də onların Azərbaycandakı  dəstəkçilərinin, «Milli şura»çıların  dövlətimizin başçısının söylədiyi fikirlərin guya ölkəmizə  aid olması  kimi  əsassız, gülünc doğuran iddialarına gəlincə, bu gün işğalçı dövlət  heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil: «İqtisadi böhran içəriçində çabalayan Ermənistan hazırda  koronavirus pandemiyasının ən ağır nəticələrini yaşamaqdadır. Azərbaycanın iqtisadi  imkanları əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımlara yol açdı.
Azərbaycan ilə Ermənistanın sosial-iqtisadi inkişafı, regional və dünya siyasətində rolu və yeri  arasında aydın görünən kəskin fərqləri geniş  təhlil etməyə ehtiyac yoxdur. Təkcə pandemiya dövründə Azərbaycan dövlətinin istər daxildə, istərsə də beynəlxalq çərçivədə əməkdaşlığa, birliyə, həmrəyliyə verdiyi töhfələrə diqqət yetirmək kifayətdir.  Türk Şurasının, Qoşulmama Hərəkatının videoformatda  konfranslarının keçirilməsi təşəbbüsü ilə çıxış edib bunu əməli fəaliyyətində təsdiqləyən Azərbaycan  növbəti  uğuru  ilə diqqət çəkir. Belə ki, 130 ölkə dövlətimizin başçısı İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədi. Yenə də bu təşəbbüsün əleyhinə çıxan, ona  dəstək verməyən işğalçı Ermənistan oldu. Bu da başadüşülən idi.  Səylərin birləşdirilməsi fonunda hər bir ölkə malik olduğu təcrübəni ortaya qoymalı, ümumi yanaşmanı dəstəkləməlidir. İşğalçı Ermənistan pandemiyanın ən ağır nəticələrini yaşayırsa, yoluxma sayına görə dünyada liderliyi ələ alırsa,  bu halda  baş nazir  Nikol Paşinyan hansı   təcrübədən, qabaqlayıcı tədbirin görülməsindən bəhs edə bilər?  Nikol Paşinyan bu məsələdə də aciz vəziyyətə düşdüyündən çıxış yolunu  təşəbbüsü  «bəyənməməkdə» gördü. Amma unutdu ki bu, çıxış yolu yox,  acizliyin, zəifliyin, bir dövlət olaraq  inkişaf modelinə malik olmamağın, hər zaman olduğu kimi, bu məsələdə də digər dövlətlərdən asılılığın göstəricisidir. Belə olan təqdirdə dövlətimizin başçısı İlham Əliyevin Ermənistan hakimiyyətinin ünvanına söylədiyi fikirlər  Azərbaycana necə  aid edilə bilər? »

Baş redaktor qeyd edib ki, ən əsası pandemiya Azərbaycanın yenilkçi, innovasiyalar sahəsində böyük irəliləyişlərə malik olan ölkə olduğunu nümayiş etdirdi: «Bu baxımdan ki, koronavirus pandemiyası insanların sağlamlığına təhdid, iqtisadiyyata böyük zərbə olmaqla yanaşı, yeni texnologiyaların, müasir idarəçiliyin  tətbiqinin önəmini açıqladı. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə «COVID-19-a qarşı birlikdəyik» devizi altında Türk Şurasının, həmçinin Qoşulmama Hərəkatının Zirvə görüşləri keçirildi.   Bu müddət ərzində Prezident İlham Əliyevlə  Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti arasında, eyni zamanda,   Asiya İnkişaf Bankının, «Signify» və CISCO şirkətlərinin təşəbbüsü əsasında  bu qurumların rəhbərləri ilə  dövlətimizin başçısı arasında  videoformat şəklində  konfranslar keçirildi. Bütün bu addımlar ölkəmizin yeni texnologiyaların inkişafı və tətbiqi sahəsində  əldə etdiyi təcrübələrin aydın mənzərəsini yaradır.»

V.Rəhimzadə qeyd edib ki,  Azərbaycanla işğalçı Ermənistanı  heç bir sahədə müqayisə etmək mümkün deyil: «Ermənistan demokratik dəyərlərə etinasız münasibət bəsləyən, qonşu dövlətin  ərazisinin 20 faizini 30 ilə yaxın müddətdə işğal altında saxlamaqla  beynəlxaq hüququn norma və prinsiplərini kobud şəkildə pozan, ümumiyyətlə, bu prinsiplərin mahiyyətini dərk etməyən bir ölkədir. İşğalçı dövlətdə bu gün siyasi opponentlərə, müstəqil mediaya, vətəndaş cəmiyyəti institutlarına və fəallarına qarşı ciddi təzyiqlər göstərilir.  Amma təəccüb doğuran, eyni zamanda, hər zaman müxtəlif sualların yaranmasına səbəb olan dünyanın bu gerçəkliklərə hələ də göz yummasıdır. İnanmaq istərdik  ki,  beynəlxalq birlik  bu gün dünyanı silkələyən, insanların sağlamlığına və iqtisadiyyata böyük təhdid olan koronavirus pandemiyasına qarşı 130 ölkənin dəstəyini qazanan təşəbbüsün işğalçı Ermənistanı «razı salmamasının» səbəblərini araşdıracaq, artıq  ədalət meyarına söykənərək işğal edilmiş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi ilə bağlı onillərdir ki,   kağız üzərində qalan  qərarları  reallaşdıracaq.»

Baş redaktor dövlətimizin başçısı İlham Əliyevin Ermənistanın ünvanına səsləndirdiyi fikirlərə  daxili bədxahlarımızdan gələn dəstəklə  bağlı fikirlərini bir daha belə ümumiləşdirib ki, qondarma  «Milli Şura»nın sədri Cəmil Həsənlinin, bu qurumda təmisl olunmuş digər fəalların, habelə keçmiş səfir Arif Məmmədov kimi xaricdə yaşayan bəzi bədxahların milli hisslərini tam itirmələri, hakimiyyətə qarşı deyil, artıq xalqa və  dövlətə qarşı mübarizə aparması, “Azərbaycana nə qədər pisdirsə, bizə o qədər yaxşıdır” prinsipindən çıxış etməsi, öz iddialarını gerçəkləşdirmək üçün hətta işğalçı Ermənistanı təbliğ etməkdən, vətənlərini isə ləkələməkdən belə çəkinməmələri bu ünsürlərin  nə qədər simasız, xəyanətkar, şəxsi ambisiyalarının  quluna çevrildiklərini  ortaya qoyur: «Amma bu antimilli ünsürlər  unudurlar ki, ictimai qınaq ən böyük cəzadır. Belə olmasaydı, bu günə qədər ölkədə keçirilən seçkilərdə varlıqlarını belə nümayiş etdirmək üçün  prosesə qatılmaq  cəsarəti tapar, illərdir  boykot yolunu tutmazdılar.  Xalq bu ünsürlərin qiymətini çoxdan  verərək onları tarixin zibilliyinə atıb. Zibilliyi özlərinə məkan seçən belələrindən ancaq  müxtəlif  dairələrin istəklərinə  uyğun  addımlar gözləmək olar. «Milli Şura»nın son videokonfransından yayılan görüntülərdən də aydın görünür ki, bu qurumun əsas vəzifəsi Azərbaycan hakimiyyətini şərləməkdir. Bu etiraf onların əsl simasını və xislətini aydın nümayiş etdirir. Hər zaman qeyd etdiyimiz kimi, Vətənə, dövlətə xəyanat bağışlanmaz. Vətənpərvərlik  insanın daxilindəki duyğulardır. Əgər bu duyğular yoxdursa,  həmin insan  mənəviyyatsızdır. Bu ünsürlər, eyni zamanda, unudurlar ki, doğru yol tutmaqla, dövlətinə, xalqına  bağlılıq ruhunda, zəhmətlə qazanılan  kiçik məbləğ dövlətini, xalqını satmaqla əldə olunan milyonlardan  daha qürurvericidir. Çünki itmiş mənəviyyatı milyonlar   xərcləsən belə  bərpa etmək mümkünsüzdür.»

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net