ru

Azərbaycan futbolu

18 Sentyabr saat 15:40

MFL-in təsnifat mərhələsi uğurla başa çatdı: yeni rekord və 5 qalib komanda - FOTO - VİDEO

MFL-in təsnifat mərhələsi uğurla başa çatdı: yeni rekord və 5 qalib komanda - FOTO - VİDEO

Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL-in 2019-2020-ci - dördüncü mövsümünün başlamasına sayılı günlər qalıb.

Hər zaman yenilikləri, bir-birindən maraqlı layihələri ilə futbolsevərləri sevindirən MFL rəhbərliyi bu dəfə də ənənəsinə sadiq qaldı. LSS MFL adlanan yeni mövsümdə əsas yenilik isə turnirin tarixində ilk dəfə olaraq təsnifat mərhələsinin keçirilməsi oldu.

Bu mərhələnin başlıca özəlliyi ondan ibarətdir ki, iştirakçı komandalar qeydiyyat üçün heç bir ödəniş etmədən, yəni, pulsuz iştirak edərək MFL-in yeni mövsümündə çıxış etmək imkanı əldə etdilər.

80 komanda – yeni rekord!

“Muğanbank”-ın sponsorluğu ilə keçirilən təsnifat mərhələsinə maraq gözlənildiyindən də böyük oldu. Belə ki, liqada pulsuz iştirak etmək hüququ verən 5 yer uğrunda 80 komanda mübarizə apardı ki, bu da turnirdə iştirak edən komandaların sayı baxımından MFL tarixində rekord göstərici deməkdir.

“MUĞANBANK MFL TƏSNİFAT PLAY OFF 2019” adlanan təsnifat mərhələsində komandalar püşkatma yolu ilə hər birində 16 komanda olmaqla 5 qrupa bölündülər.

5 final – 5 qalib komanda

Kubok sistemi üzrə keçirilən play-off-larda komandalar 1/8, 1/4, 1/2-ə yüksəldilər, qruplarında ilk pillələri tutan komandalar isə həlledici oyunda – finalda üz-üzə gəldilər. Kifayət qədər gərgin mübarizə şəraitində keçən final görüşlərinin yekunu olaraq “Avengers”, “Khazar FC”, “Borussia Baku”, “Tiyagani FK” və “Baku Juniors” komandaları əsas liqada oynamaq hüququ qazandılar. Bununla da MFL-in yeni mövsümündə iştirak edəcək bütün komandaların adları məlum oldu.

Ən məhsuldar oyunçular

Təsnifat mərhələsinin yekunu olaraq ən məhsuldar futbolçuların adına da aydınlıq gəldi. “Albatros” komandasının oyunçusu Turan Babayev 5 məhsuldar ötürmə ilə ən yaxşı assistentlərin sıralamasında ilk pilləni tutdu. Sonrakı yerlərdə 4 assistlə “Baku Juniors”un futbolçuları Turan Həsənli ilə Elvin Şirinli, “Avengers”in oyunçusu Zaur Əliyev və 3 assistlə “Agrosport”un futbolçusu Nəcməddin Zalıyev qərarlaşdı.

Təsnifat mərhələsinin ən sərrast oyunçusu isə rəqib qapılarından 13 top keçirən “Baku Juniors”un hücumçusu Emin İskəndərov oldu. “Bibiheybət”dən İsrafil Rzabəyli ilə “Albatros”dan Elçin İsmayılov 12, “Gunners”dən Orxan Əliyev 11, “Khazar”dan Emin İsmayılzadə isə 9 qolla növbəti sıralarda qərarlaşdılar.

Beləliklə, MFL-in ilk dəfə təşkil etdiyi təsnifat mərhələsi uğurla başa çatdı. Yekunda 80 komanda arasında qalib olan 5 komanda əsas mövsümdə iştirak etmək hüququ qazandı. İnanırıq ki, həmin həmin komandalar əsas liqada da çempionluq uğrunda mübarizə apararaq turnirə rəng qatacaqlar.

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur