ru

Siyasət

3 İyun saat 17:15

“Siz xalqını sevən, hər bir vətəndaşının qayğısına qalan müdrik dövlət başçısısınız” – Vətəndaş məktubları

“Siz xalqını sevən, hər bir vətəndaşının qayğısına qalan müdrik dövlət başçısısınız” – Vətəndaş məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Sevinc Hüseyinovadan, İsmayıllı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Mən İsmayıllı rayonunun Topçu kənd tam orta məktəbinin 8-ci sinif şagirdiyəm. Bütün dünyanı sarsıdan koronavirus zamanı ölkəmizi qoruduğunuza, bu xəstəliyə qarşı mühüm işlər gördüyünüzə, dövlətimizin yüksəlişi üçün əlinizdən gələni etdiyinizə görə Sizə təşəkkür edirəm.

Digər ölkələrdə bu virus çoxsaylı tələfata səbəb olsa da, Sizin sayənizdə ölkəmizdə xəstələrin sayı azdır. Mən inanıram ki, xalqımız Sizin sayənizdə bu çətin günlərdən üzüağ çıxacaqdır. Biz birlikdə qalib olacağıq!”.

Zülfiyyə İsmayılovadan, Ağcabədi, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Mən bir Azərbaycan vətəndaşı olaraq Sizinlə fəxr edirəm. Siz Azərbaycan xalqının layiqli övladısınız. Siz xalqını sevən, hər bir vətəndaşının qayğısına qalan müdrik dövlət başçısısınız. Siz bunu COVID-19 epidemiyası dövründə bir daha sübut etdiniz.

Dövlətimizin dəstəyi koronavirusla mübarizədə bizə böyük stimul verdi. Bu dövrdə dövlətin ayırdığı birdəfəlik ödəməni mən də almışam. Bu yardımın bizə ödənilməsi xalqa göstərdiyiniz qayğının daha bir nümunəsidir. Yaxşı ki, Siz Azərbaycanın Prezidentisiniz və biz hər zaman Sizin arxanızdayıq!”.

Elzabit Namazovdan, Norilsk, Rusiya

“Möhtərəm cənab Prezident,

Mən uzun müddət doğma Vətənimdə yaşamasam da, qəlbən Azərbaycana bağlıyam. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi hakimiyyətə gəldiyiniz gündən bəri dəqiq hədəflərə hesablanmış uğurlu daxili və xarici siyasətinizi dəstəkləyirəm. Hər dəfə doğma yurduma gələndə, Azərbaycanımın inkişafını görəndə fəxr hissi duyuram. Pandemiyaya qarşı mübarizədə ciddi işlərin görülməsi üçün vaxtında göstəriş verməyiniz ölkəmizdə xəstəliyin geniş yayılmaması üçün zəmin yaratdı. Aztəminatlı ailələrə və sahibkarlara yardımlara, bu çətin dövrdə ölkə iqtisadiyyatının inkişafının qorunub saxlanılması istiqamətində qəbul etdiyiniz düzgün qərarlara görə Sizə dərin təşəkkürümü bildirirəm.

Möhtərəm cənab Prezident, bu çətin günlərdə Siz bir daha sübut etdiniz ki, həqiqətən bütün dünyada yaşaya azərbaycanlıların qürur duyduğu Lidersiniz. Xalqımızın firavanlığı yolunda yorulmadan çalışdığınıza görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz adımdan və ailəmin adından təşəkkür edirəm”.

Qasım Miriyev, Ağayev Vüsal, Ağayev Emil, Ağayev İlqar, Ağayev Qəyum və Məmmədov Kamran, Cəlilabad, Azərbaycan

“Möhtərəm cənab Prezident,

Sizin xalqımıza göstərdiyiniz diqqət və qayğı bizim Kazımabad kəndinin sakinlərindən də yan keçmir. Hazırda mövsümlə əlaqədar olaraq rayonumuzun kəndlərində insanlar əkinçiliklə məşğuldurlar. Biz kəndlilər əsasən kartof əkib-becəririk. Belə bir ağır dövrdə məhsulumuzu xarici bazarlara çıxarmağımıza böyük imkanlar yaratdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Məhsullarımız iritonnajlı yük maşınları ilə xarici bazarlara daşınır. Siz həqiqətən də hər bir azərbaycanlının Prezidentisiniz! Allah Sizi qorusun!”.

Azad Dövlətov, Qürbətov Raqib, Rəhimov Ceyhun, Filatov Nusrət, Qarayev İntiqam, Qarayev Cavid, Hüsyenov Eldar və Adıgözəlov Xanlar,  Cəlilabad, Azərbaycan

“Əziz və hörmətli Prezident.

Bu gün ölkəmizdə xalq-hakimiyyəti birliyi və həmrəyliyi müşahidə olunur. Azərbaycan xalqı pisi yaxşıdan, ağı qaradan seçməyi bacarır. Məhz Sizin düşünülmüş siyasətiniz və səyləriniz sayəsində biz kənd əhalisi davamlı sabitlik şəraitində yaşayır və fəaliyyət göstəririk.

Əziz Prezidentimiz Allahdan Sizə və ailənizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq”.

Xəyal Nuhbalayevdən, Quba, Azərbaycan

“Hörmətli cənab Prezident,

Bu ağır pandemiya günlərində xalqımızın yanında olduğunuz, qayğımıza qaldığınız, əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün hər cür tədbirlər gördüyünüz üçün mən bir Azərbaycan gənci olaraq, Sizə öz adımdan və ailəm adından təşəkkür edir, dərin minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun!”

Çərkəz Həmzəyevdən, Göygöl, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Bütün dünyada ciddi həyəcan yaradan, yaşından, irqindən və dinindən asılı olmayaraq insanların həyatına son qoyan koronavirus pandemiyası adlı bəlaya qarşı bütün imkanlardan istifadə olunmaqdadır. Sizin bilavasitə rəhbərliyiniz altında ölkəmizdə vətəndaşların sağlamlığının qorunması naminə aparılan əvəzolunmaz tədbirləri çox yüksək qiymətləndiririk. Qısa bir zamanda yeni xəstəxanaların istifadəyə verilməsi, mövcud xəstəxanaların uyğunlaşdırılması, qoruyucu vasitələrin istehsalı, xəstələrin müalicəsi üçün tibb ocaqlarının lazımi avadanlıqlarla təmin olunması, canları bahasına xəstələri müalicə edən həkimlərin əməkhaqlarına əlavələr edilməsi, işləməyənlərə yardımların verilməsi, sosial iş yerlərinin açılması, sahibkarlara maliyyə dəstəyinin və güzəştlərin edilməsi və digər işlər çox təqdirəlayiqdir.

Əziz Prezidentimiz, Azərbaycan vətəndaşları arasında itkilərin minimuma endirilməsi üçün gördüyünüz bütün işlərə görə ailəmiz adından Sizə minnətdarlığımızı bildirirəm”.

S.Xankişiyeva

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur