Azərbaycanda 100 yaşa görə qadınlar kişiləri 8 dəfə üstələdi
2015-ci ilin yanvarın 1-ə olan məlumata görə, Azərbaycanda 100 yaşdan yuxarı 619 nəfər yaşayır.
Dövlət Statistika Komitəsindən 1news.az-a verilən məlumata görə, 100 yaşdan yuxarı qadınların sayı 547, kişilərin sayı isə 72 nəfər olub.
Ölkədə 90 yaşdan yuxarı 10171 nəfər yaşayır ki, bunlardan 3079-u kişilər, 7092-si isə qadınlardır. Azərbaycanda 100 və daha yuxarı yaşlarda əhalisi çox olan bölgə Yuxarı Qarabağ iqtisadi zonasıdır. Burada 278 nəfər 100 və daha yuxarı yaşdadır. Rayon və şəhərlər üzrə bu liderliyi Xankəndi tutur. Bu şəhərin sakinlərindən 86 nəfərin 100-dən çox yaşı var. Onlardan 2-si kişi, qalanları isə qadınlardır. İkinci yerdə ərazisində 61 nəfər 100 yaşdan yuxarı sakini olan Tərtər rayonu gəlir.
Üçüncü sırada Kəlbəcər rayonudur: bu rayonda 100-dən çox yaşı olanların sayı 51 nəfərdir. Sonrakı yerlərdə isə sıralama belədir: Xocavənd rayonunda 42, Ağdam rayonunda 40, Şuşa rayonunda 36, Bakı şəhərində 36, Tovuz rayonunda 30, Gədəbəy rayonunda 30, Laçın rayonunda 23 nəfərin yaşı 100-dən çoxdur.
Statistikada diqqəti çəkən məqamlardan biri isə rayonlar üzrə ümumi göstəricilərdə 100-dən çox yaşı olanların əksəriyyətinin qadınlar təşkil etməsidir.
1news.az