Qafar Cəbiyev: "Efir təcrübə tarlası deyil" | 1news.az | Xəbərlər
Cəmiyyət

Qafar Cəbiyev: "Efir təcrübə tarlası deyil"

16:17 - 22 / 11 / 2015
Qafar Cəbiyev: "Efir təcrübə tarlası deyil"

"Milli Televiziya və Radio Şurasının (MTRŞ) telekanallardan umduğu, yeri gələndə tələbi odur ki, ədəbi dilin normalarını ciddi şəkildə gözləsinlər".

1news.az "Report"a istinadən  xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev deyib.

O bildirib ki, efir təcrübə tarlası deyil: "Dəvət olunan qonaqlar dillə bağlı qüsurlara yol verə bilərlər, amma aparıcı verə bilməz. Dil bizim varlığımız, varlığımızın göstəricisidir. Dilimiz çox basqılara məruz qalıb, çox yollar keçib, öz dilimizdə yazıb-oxumağa hər zaman geniş imkanlarımız olmayıb. Uzun müddət ən yaxşı kadrlar seçilərkən belə, onların Azərbaycan dilini necə bilməsi heç yada düşməyib.

Bakının harasındasa sanitar normalar pozulanda televiziyalar çəkib göstərir. Dillə bağlı normaların necə gözlənilməsi məsələsi də hər zaman televiziyanın, medianın diqqətində olmalıdır".

Q.Cəbiyev səhvləri üzərində inad edən televiziya kanallarına da iradını bildirib: "Klassiklərdən birinin məşhur bir fikri var ki, səhv etmək hamıya məxsusdur, lakin səhvinin üzərində israr etmək axmaqlara məxsusdur. Əfsuslar olsun ki, bəzi televiziyalarda bu hallar var. Səhvləri deyiləndə, təkrar-təkrar xatırladanda israr edirlər, inad, mübahisə edirlər. Amma düşünmək lazımdır ki, bir məsələni bir yox, bir neçə adam deyirsə, artıq burada nəsə var".

1news.az

 

Paylaş:
831

Son xəbərlər

Bütün xəbərlər