Bakıda şirkət rəhbərlərinin sammiti keçiriləcək
Dekabrın 6-da Qafqaz Universitetində "CEO Summit" keçiriləcək.
1news.az-ın "Report"a istinadən məlumatına görə, Azərbaycan və türk dillərində keçiriləcək sammitdə 6 spiker iş və karyera həyatı haqqında çıxış edəcəklər.
Məlumata görə, spikerlər "MADO Azerbaijan" restoranlar şəbəkəsinin direktoru Kamran Məşədiyev, "P&G"-nin Azərbaycan və Gürcüstan üzrə direktoru Taygun Gunay, "McDonalds"ın İngiltərə və Türkiyə üzrə direktoru Ahmet Murtezaoğlu, Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov, "Koç Sistem Azərbaycan"ın direktoru Ali Kutvan və "Golden Pay"in təsisçisi və rəhbəri Fərid İsmayılzadə yer alıb.
Sammitdə K.Məşədiyev "Uğurlu biznesin təməlləri", T.Gunay "Qlobal markalarda idarəçi olmaq", A.Murtezaoğlu "Markaları marka edən loqoları deyil, içindəki insanlardır", F.Əhmədov "İş həyatında təhsilli insanmı yoxsa əxlaqlı insanmı?", A.Kutvan "Şirkətlərdə strateji idarəetmə" və F.İsmyalızadə "Texnologiya dünyanı hara aparır?" mövzusunda çıxış edəcəklər.
Qeyd edək ki, əsas informasiya dəstəkçilərindən biri "Report" İnformasiya Agentliyi olan sammitə qatılmaq ödənişlidir. Bunun üçün tələbələr 15, digər şəxslər isə 25 manat ödəməlidir.
Proqramın rəsmi səhifəsi www.ceosummit.az veb-saytı, əsas təşkilatçısı isə "Business Talk" (www.businesstalk.az) təşkilatıdır.