Azərbaycanla Pakistan arasında enerji sahəsində əməkdaşlığa dair sənəd imzalanacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanla Pakistan arasında enerji sahəsində əməkdaşlığa dair sənəd imzalanacaq

11:23 - 26 / 11 / 2015
Azərbaycanla Pakistan arasında enerji sahəsində əməkdaşlığa dair sənəd imzalanacaq

Bakıda səfərdə olan Pakistan Dövlət Neft Şirkətinin baş icraçı direktoru Şeyx İmran ul Huqun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Energetika Nazirliyində olub.

 1news.az xəbər verir ki, bu haqda Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Pakistana neft məhsulları, maye qazın (LNG) uzunmüddətli nəqli və maye qazın idxalı üçün infrastrukturun yaradılması perspektivi ətrafında fikir mübadiləsi aparılıb.

İki ölkə arasında bütün sahələrdə qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərin formalaşdığını deyən energetika naziri Natiq Əliyev iqtisadi əlaqələrin inkişafına təkan verəcək enerji əməkdaşlığı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. Pakistanla enerji əməkdaşlığından bəhs edilərkən bildirilib ki, elektrik enerjisinin digər dövlətlərə, o cümlədən Pakistana ötürülməsi üçün qonşu ölkələrin energetika sistemləri ilə elektrik əlaqələri gücləndirilib. Bu məqsədlə İranla il ərzində 4,0 mlrd. kVt/saat həcmində elektrik enerjisinin ötürülməsinə imkan yaradan 230 kV-luq Parsabad-1 və 330 kV-luq Parsabad-2 hava elektrik verilişi xətləri çəkilib.

N.Əliyev, həmçinin bildirib ki, neftin bütün dünyada sənaye üsulu ilə ilk dəfə olaraq məhz Azərbaycanda çıxarılması faktından ötən 167 illik tarixi dövr ərzində ölkəmizdə emal sənayesi də böyük inkişaf yolu keçib: "Emal kompleksində həyata keçirilən işlər ölkənin neft məhsullarına olan tələbatını ödəməklə yanaşı, texnoloji qurğuların modernləşməsini də əhatə edib. Odur ki, Azərbaycanın bu sahədə əldə etdiyi təcrübədən Pakistan da yararlana bilər".

Pakistan Dövlət Neft Şirkətinin baş icraçı direktoru Şeyx İmran ul Huq ölkəsinin maraqlarını ifadə etməklə yanaşı, nəzərdə tutulan layihələrin reallaşması üçün mühüm əhəmiyyət kəsb edən sazişin imzalanmasının vacibliyini vurğulayıb. Bildirilib ki, hazırda Azərbaycan və Pakistan hökumətləri arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması ilə əlaqədar işlər görülür və işçi qrupları səviyyəsində danışıqlar aparılır.

1news.az

 

Paylaş:
654

Son xəbərlər

Bütün xəbərlər