Mingəçevirdə ana qızını başqasına verərək qaçdı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mingəçevirdə ana qızını başqasına verərək qaçdı - FOTO

15:25 - 15 / 12 / 2015
Mingəçevirdə ana qızını başqasına verərək qaçdı - FOTO

Mingəçevir şəhərində gənc qadın körpə qız övladını parkda müvəqqəti saxlamaq bəhanəsi ilə tanımadığı başqa bir qadına verərək qaçıb.

1news.az APA-ya istinadən xəbər verir ki, həmin qadın iki yaşlı qızı bir-iki saat ərzində saxlayıb və anasının qayıtmadığını görüb, uşağı Mingəçevir şəhər Polis Şöbəsinə təhvil verib. 

Polis əməkdaşları isə Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndələri ilə birgə uşağı Mingəçevir Uşaq Nevroloji Sanatoriyasına yerləşdiriblər.

Sanatoriyanın baş həkimi Fəxrəntac Hüseynova bildirib ki, təxminən 2 yaşı olan bu uşağın sənədi olmadığına görə onun adı, soyadı, valideynlərinin kimliyi və yaşı da məlum deyil: 

“Biz ona Mələk adı ilə sənəd açdıq. Bu uşağı gətirən qadının adı Binnətova Gülbahar Novruz qızıdır. Uşağı müayinə etdik, yəni onun səhhətində heç bir xəstəlik müşahidə olunmadı, sağ-salamatdır. Uşağı Polis Şöbəsinə təhvil verən Gülbahar Binnətovanın dediyinə görə, o uşağın anası ilə parkda görüşüb.

Uşağın anası olan tanımadığı gənc qadın Gülbahar Binnətovaya bildirib ki, o Mingəçevirdə kirayə evdə yaşayır və indi başqa mənzilə köçür, amma uşaq evi yığışdırmağa imkan vermir. 

Ana Gülbahardan uşağına bir-iki saat ərzində baxmağı xahiş edib və işini qurtarandan sonra gəlib onu götürəcəyini deyib. Amma xeyli vaxt keçməsinə baxmayaraq uşağın valideyndən bir xəbər yoxdur. Artıq 20 gündür ki, uşaq anasının yolunu gözləyir, hər gün “ana”, “nənə” deyərək ağlayır”.
 
Hazırda Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən azyaşlının valideyninin tapılması üçün araşdırma aparılır.

1news.az

Paylaş:
1093

Son xəbərlər

Bütün xəbərlər