Dövlət Komitəsinin sədri Birləşmiş Bibliya Cəmiyyətinin nümayəndələrini qəbul edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Komitəsinin sədri Birləşmiş Bibliya Cəmiyyətinin nümayəndələrini qəbul edib

21:46 - 16 / 12 / 2015
Dövlət Komitəsinin sədri Birləşmiş Bibliya Cəmiyyətinin nümayəndələrini qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 16-da Birləşmiş Bibliya Cəmiyyətinin nümayəndələrini qəbul edib.

1news.az-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata əsasən, qəbulda Birləşmiş Bibliya Cəmiyyətinin vitse-prezidenti Teriye Hartberg, Norveç Bibliya Cəmiyyətinin prezidenti Bernt Olsen və Özbəkistan Bibliya cəmiyyətinin sədri Xalmat Aşımov iştirak ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qonaqları salamlayaraq Azərbaycanın tarixən müxtəlif konfessiyaların, xalqların, eləcə də ayrı-ayrı etiqad və inanclara malik etnosların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı ölkə olduğunu bildirib. Respublika əhalisinin 96%-nin İslam, 4%-nin isə qeyri-islam dinlərə mənsub olduğunu vurğulayan Komitə sədri ölkədə yaşayan müxtəlif din və məzhəblərin nümayəndələrinə dövlət tərəfindən qayğı göstərildiyini deyib.

Azərbaycandakı dinamik inkişaf prosesini yüksək qiymətləndirən Birləşmiş Bibliya Cəmiyyətinin vitse-prezidenti Teriye Hartberg Azərbaycanın malik olduğu uğurlu tolerantlıq modelindən danışıb. Qonaq Azərbaycandakı tolerantlıq və dinlərarası münasibətləri, ölkəmizin ötən illər ərzində bütün sahələrdə çox böyük inkişaf yolu keçdiyini xüsusi olaraq qeyd edib.

Görüşün sonunda qonaqlar səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, qəbulda Azərbaycan Alban-Udin Xristian Dini İcmasının sədri Robert Mobili, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete və “Həyat Sözü” xristian dini icmasının pastoru Rasim Xəlilov da iştirak ediblər.

Paylaş:
668

Son xəbərlər

Bütün xəbərlər