“Olimpiya hərəkatı” proqramının təqdimatı keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Olimpiya hərəkatı” proqramının təqdimatı keçirilib

14:18 - 17 / 12 / 2015
“Olimpiya hərəkatı” proqramının təqdimatı keçirilib

Orta məktəblərdə keçiriləcək “Olimpiya hərəkatı” proqramının təqdimatı keçirilib.

1news.az-ın məlumatına görə, Milli Olimpiya Komitəsində (MOK) təşkil olunan tədbirdə Komitənin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, “Coca-Cola” şirkətinin baş direktoru Cem Becel, adıçəkilən qurumların nümayəndələri, Olimpiya çempionları, tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk öncə Azərbaycanda idmanın inkişafı, eləcə də idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlara həsr olunan videoçarx nümayiş olunub.

MOK-un Marketin şöbəsinin müdiri Mehman Kərimov “Olimpiya hərəkatı” proqramı ilə bağlı çıxış edərək proqramın mahiyyəti barədə məlumat verib.

Qeyd olunub ki, keçən il gerçəkləşdirilən “Mənim ailəm – sağlam ailəm” layihəsinin davamı olan Proqram Beynəlxalq Olimpiya Proqramına daxildir. Onun həyata keçirilməsində əsas məqsəd uşaqları sağlam həyat tərzinə sövq etmək, məktəblərdə şagirdlərin idmana marağını artırmaqdır.

Hazırda idmanın 4 növündə - yüngül atletika, badminton, 3x3 basketbol və velisiped idmanı üzrə məktəblərdə yarışlar keçirilir. Gələn ilin əvvəlində isə adları çəkilən idman növləri üzrə Bakı birinciliyi keçiriləcək.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qeyd edib ki, 2015-ci il Azərbaycanın idman tarixinə böyük hadisə kimi daxil oldu:

“Avropa Oyunlarından sonra ölkəmizdə uşaqların idmana marağı xeyli artdı. “Olimpiya hərəkatı” proqramından maksimum dərəcədə istifadə etməliyik ki, bu maraq azalmasın, əksinə, daha da artsın. İnanıram ki, biz buna nail olacağıq”.

Gənclər və idman naziri Azad Rəhimov da Proqramın əhəmiyyətindən danışaraq bu cür layihələrin gələcək Olimpiya çempionlarının yetişməsində böyük rol oynadığını vurğulayıb:

“İdmançılarımızın beynəlxalq yarışlarda qazandıqları medalların sayı artmaqdadır. Bütün bu uğurların əsası isə məktəblərdə qoyulur. Ona görə də məktəblərdə idmana marağın artması istiqamətində işlərin görülməsi çox vacibdir. Bu baxımdan “Olimpiya hərəkatı” proqramı böyük əhəmiyyət daşıyır. Məqsədimiz gənclərimizin sağlam böyüməsidir. Buna nail olmaq üçün hər kəs, o cümlədən şirkətlər öz dəstəklərini əsirgəməməlidirlər”.

Təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, insanların sağlam həyat tərzinin təmin edilməsi dövlətlərin qarşısında duran əsas vəzifələrdən biridir. Sevindirici haldır ki, ölkəmizdə bu sahədə lazım olan hər bir şərait yaradılıb. “Olimpiya hərəkatı” proqramı isə şagirdlərin idmana marağının artmasında mühüm rol oynayacaq. Gələcək illərsə isə Proqramın digər idman növlərini də əhatə etməsi nəzərdə tutulub.

“Biz öz tərəfimizdən bunun reallaşması üçün lazım olan dəstəyi verməyə hazırıq. Çünki şagirdlərin idmana marağının artması əsas vəzifələrimizdən biridir. Buna nail olmaq üçün gələn ildən məktəbdənkənar tədris olunan idman seksiyalarının məktəblərdə keçirilməsini qərara almışıq”.

“Coca-Cola” şirkətinin baş direktoru Cem Becel də “Olimpiya hərəkatı” proqramının əhəmiyyətindən damışaraq məktəblərdə idmanın inkişafının vacibliyinə toxunub:

“Bildiyiniz kimi, şirkətimiz Avropa Oyunlarının əsas tərəfdaşlarından biri idi. İndi isə “Olimpiya hərəkatı” proqramının tərəfdaşlarındanıq. Bu Proqramın uğurlu olması üçün əlimizdən gələn dəstəyi verəcəyik”.

Çıxışlardan sonra “Olimpiya hərəkatı” proqramının ulduz idmançıları təqdim olunub. Bunlar Avropa Oyunlarının yüngül atletika üzrə qalibi Nazim Babayev, 3x3 basketbolda Avropa Oyunlarının iştirakçısı Amil Həmzəyev, velosiped idmanı üzrə Avropa Oyunlarının iştirakçısı Aqşin İsmayılov və badminton üzrə Avropa Oyunlarının iştirakçısı Orxan Qələndərovdur.

Tədbirin sonunda isə Azərbaycanda idmanın inkişafına və təbliğinə verdikləri töhfəyə görə Olimpiya çempionu Fərid Mansurov və əməkdar artist Tünzalə Ağayevaya xüsusi mükafatlar təqdim olunub.

1news.az

Paylaş:
844

Son xəbərlər

Ərdoğan Əliyevə zəng etdi

25 / 12 / 2024, 16:13
Bütün xəbərlər