«Quş qripi» ilə bağlı keçirilən monitorinqlərin nəticələri açıqlanıb
Azərbaycanda “quş qripi” ilə əlaqədar dekabrın 7-də başlanılan monitorinqin nəticələri açıqlanıb.
1news.az Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə istinadən xəbər verir ki, götürülən nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib.
Köçəri quşlara görə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti infeksion xəstəliyə və xəstəlikdən tələfolma hallarına rast gəlinməyib.
Bundan başqa, xidmət əhaliyə və quşçuluq təsərrüfatı rəhbərlərinə tövsiyə edib ki, havaların getdikcə soyuması ilə əlaqədar ev və sənaye quşları baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılsın.
“Həmçinin heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər baytarlıq tədbirləri aparılmasın, heyvanların saxlanılması baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə həyata keçirilsin”- deyə, xidmətin məlumatında qeyd olunub.
1news.az