ADU-da Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş “Cavid ömrü” adlı tədbir keçirildi - FOTO
18 dekabr 2015-ci il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Filologiya və Jurnalistika fakültəsinin 330 b qrup tələbəsi Rəna Rəsulzadənin ssenarisi, eyni zamanda təşkilatçılığı, ADU Tələbə Gənclər Təşkilatının (TGT) üzvlərinin isə yaxından iştirakı ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan ədib Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş “Cavid ömrü” adlı tədbir keçirildi.
ADU-dan verilən məlumata əsasən, tədbirdə universitetin professor-müəllim heyəti və tələbələri iştirak edirdi.
ADU-nun “Dalğa” rəqs ansamblının ifasında “Sarı gəlin” rəqs nömrəsinin göstərməsi ilə başlayan tədbirdə Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, daha çox dramaturq kimi tanınan Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında ümumi məlumat verildi.
Belə ki, ədəbiyyatımızın nadir inciləri sayılan Hüseyn Cavid əsərlərində insan ləyaqətinə inam, yüksək ülvi duyğuların tərənnümünün əsas məziyyət kimi meydana çıxması, tarixi mövzuya müasir mövqedən yanaşma və dramatik əsərə fəlsəfi mahiyyət gətirəbilmə bacarığı, mövhumat və xurafat, əqidə və zehniyyətdə olan puçluğun, saxtalığın üzərində qələbə, özünəməxsus dialoqlara malik şeirlərində lirik vəziyyətin gözəl ifadə olunması barədə fikirlər səsləndirildi.
Daha sonra tədbirdə ədibin “Ana”, “Topal Teymur”, “Şeyx Sənan”, “Afət”, “İblis” əsərlərindən səhnəciklər nümayiş olundu, “Qız məktəbində” və digər şeirləri səsləndirildi.
Sonda çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev qısa müddət ərzində belə bir təşəbbüsü ərsəyə gətirməyin çətinliyi buna rəğmən tələbələrin işin öhdəsindən layiqincə gəldiyini vurğuladı, bunu da universitetin qələbəsi adlandırdı. O, tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Tədbir, tələbələrin səhnəarxası kadrlardan ibarət videoçarxın təqdim olunması ilə yekunlaşdı.
1news.az