Azərbaycanda unikal körpü tikilib - FOTO
Salyan rayonu Kür çayı üzərində inşa edilən asma körpü ilə Qafqazda bir ilkə imza atılıb.
Bu barədə Nəqliyyat Nazirliyi yanında “Azəryolservis” ASC-dən 1news.az-a bildirilib.
“Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun yenidənqurulması layihəsi çərçivəsində yolun Ələt-Masallı hissəsində Kür çayı üzərində yeni körpünün tikintisi işləri yekunlaşıb. Sürücülər yeni körpüdən sözügedən avtomobil yolu istismara verilərkən istifadə edə biləcəklər.
Layihə çərçivəsində tikinti işləri Ələt-Astara avtomobil yolunun 54.4-55.8 kilometrliyində 1400 metrlik ərazidə aparılıb. 5 aşırımdan ibarət yeni körpünün uzunluğu 362.9 metr, eni isə 29,8 metrdir. Körpüdə hər birinin eni 3,75 metr olan 4 hərəkət zolağı nəzərdə tutulub. Piyadaların körpüdən rahat və təhlükəsiz şəkildə istifadəsi üçün 1,3 metr enində səkilər də qurulub. Yeni körpü suyun səviyyəsindən 15 metr hündürlükdə inşa edilib.
Tikinti işləri nəticəsində 3 ədəd dairəvi borunun quraşdırılması aparılıb, 1 ədəd düzbucaqlı su keçidi, 1 heyvan keçidi, 1 alt keçid inşa edilib. Bundan başqa 8.0x5.0 metr ölçüdə əlavə yeraltı keçidin tikintisi və körpü üzərində işıqlandırma sisteminin quraşdırılması işləri də həyata keçirilib”, - deyə qurumdan qeyd edilib.
“Azəryolservis”-dən bildirilib ki, körpünün eninin böyüklüyünə görə, Azərbaycanda ilk dəfə olaraq eninə gərginləşdirmə aparılmaqla konsollardan istifadə edilib. Körpü 9 ballıq seysimik təsir, A 15 və NK-100 müvəqqəti yuk təsirinə hesablanıb.
1news.az