Blatter və Platini 8 il müddətinə futboldan uzaqlaşdırıldılar
UEFA prezidenti Mişel Platini və ona qanunsuz şəkildə 2 milyon İsveçrə frankı verməkdə ittiham olunan FİFA rəhbəri Yozef Blatter 8 il müddətinə futboldan kənarlaşdırılıb.
1news.az-ın məlumatına görə, bununla bağlı FİFA-nın Etika Komitəsinin Arbitraj Palatası qərar çıxarıb. Qərara görə, onların hər hansı futbol sahəsi ilə məşğul olmasına qadağa qoyub. Bundan başqa Platini 80 min İsveçrə frankı məbləğində cərimələnib.
Xatırladaq ki, sentyabrın 25-də İsveçrənin Federal Ədliyyə Bürosu Blatterin 2011-ci ildə Platiniyə qanunsuz şəkildə pul verməsi ilə bağlı iş açıb. Oktyabrın əvvəlində FİFA-nın Etika Komitəsi hər iki qurum prezidentini 90 günlük futboldan uzaqlaşdırmışdı.
Noyabrın 23-də qurumun Arbitraj Palatası onlara qarşı yeni iş açmışdı.
Qeyd edək ki, 1998-ci ildən FİFA prezidenti olan Yozef Blatter mayın 29-da yenidən bu posta seçilsə də, iyunun 2-də korrupsiya qalmaqalı ilə əlaqədar postundan gedəcəyini açıqlamışdı.
Mişel Platini isə FİFA-nın Etika Komitəsinin məlum qərarından az öncə FİFA prezidenti postuna gələn ilin fevralında baş tutacaq seçkilərdə öz namizədliyini irəli sürüb.
1news.az