“İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir” kitabının təqdimatı keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir” kitabının təqdimatı keçirilib

14:37 - 21 / 12 / 2015
“İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir” kitabının təqdimatı keçirilib

Bakıda “İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir” kitabının təqdimat mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə baş tutan tədbirdə Komitənin rəhbərliyi, dini konfessiyaların rəhbərləri və təmsilçiləri, dini icmalar və  ictimaiyyət nümayəndələri iştirak ediblər.

Komitə sədri Mübariz Qurbanlı tədbiri giriş sözü ilə açaraq bildirib ki, müasir dövrdə Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması və milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə də tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək bütün dünyaya çatdırılmasında ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı prezident İlham Əliyevin xidmətləri misilsizdir.

Komitə sədri deyib ki, Azərbaycan sözün həqiqi mənasında dünyada tolerantlığa nümunə olan ölkədir.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı bu gün QMİ ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birlikdə səmərəli fəaliyyət göstərdiyini nəzərə çatdırıb.

Dövlət Komitəsi tərəfindən nəşr edilən toplunun dini konfessiyalar üçün əhəmiyyətinin böyük olduğunu bildirən Q.Cavadlı prezident İlham Əliyevin dini maarifləndirmə, tolerantlıq sahəsində fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib.

Daha sonra Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein “İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir” kitabının əhəmiyyətindən danışaraq bildirib ki, Şərqlə Qərb, Şimalla Cənub arasında körpü olan Azərbaycan zəngin təbii resurslarla bərabər, tarixi tolerantlıq ənənələrinə malik ölkədir.

Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev çıxış edərək Azərbaycanın tolerantlıq modelinin dünyada örnəyə çevrildiyini vurğulayıb. O, bildirib ki, Azərbaycanda təkcə çoxluğun mənsub olduğu İslam dininə yox, bütün dini icmalara dövlət tərəfindən daim xüsusi diqqət və qayğı göstərilir.

Təqdimat mərasimində Avropa yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, Azərbaycan Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Nəriman Qasımoğlu və  Bakı Dövlət Universitetinin müəllimi Aqil Şirinov “İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir” kitabı ilə bağlı fikirlərini bölüşüblər.

1news.az

Paylaş:
665

Son xəbərlər

Bütün xəbərlər