Gənclər Fondu qrant müsabiqələrinə ayırdığı vəsaitin həcmini açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Gənclər Fondu qrant müsabiqələrinə ayırdığı vəsaitin həcmini açıqladı

13:05 - 22 / 12 / 2015
Gənclər Fondu qrant müsabiqələrinə ayırdığı vəsaitin həcmini açıqladı

Azərbaycan Prezidenti yanında Gənclər Fondunda ilin yekunları ilə bağlı mətbuat nümayəndələri ilə görüş keçirilib.

1news.az-ın məlumatına görə, Fondun fəaliyyəti haqqında məlumat verən qurumun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, 2011-ci ildə ölkə prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan Gənclər Fondunun əsas məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etməkdir.

Fond tərəfindən bu günə kimi 7 qrant müsabiqəsi keçirilib. Bununla bağlı gənclər təşkilatları tərəfindən quruma 5080 müraciət daxil olub ki, onların 2333-nə müsbət cavab verilib. Ümumilikdə həmin layihələrin icrasına 13,5 milyon manat vəsait sərf olunub.

Keçirilən layihələr çərçivəsində 1,5 milyondan artıq əyani vəsait çap olunub, 1600 nəfər müvəqqəti işlə təmin olunub.

Artıq 8-ci qrant müsabiqəsinin elan olunduğunu diqqətə çatdıran F.Hacıyev yeni müsabiqədə regionlarda fəaliyyət göstərən gənclər təşkilatlarının layihələrinə üstünlük verəcəklərini qeyd edib:

“Regionlarda gənclər təşkilatlarının sayının artması, onların inkişafı əsas məqsədlərimizdən biridir. 2003-cü ilə ölkəmizdə cəmi 63 gənclər təşkilatı fəaliyyət göstərirdisə, bu gün onların sayı 310-a çatıb. İnanırıq ki, həmin təşkilatlar regionlarda öz fəaliyyətlərini gücləndirəcəklər”.

Xarici ölkələrdə yaşayan gənclərimizin Fonda layihə təqdim etməmələrini təəssüf hissi ilə qeyd edən icraçı direktor onları bu işdə fəal olmağa, yeni-yeni layihələrlə çıxış edərək Fondla əməkdaşlıq etməyə çağırıb.

F.Hacıyev gənclərin dini radikalizmə meyl etməsinin qarşısının alınması istiqamətində iş apardıqlarını da diqqətə çatdırıb:

“Bəzi gənclər müxtəlif dini qruplaşmaların təsir dairəsinə düşürlər. Lakin belə gənclərin sayı elə də çox deyil. Fond dini radikalizmin qarşısını almaq üçün gənclərin layihələrinə maliyyə vəsaiti ayıracaq. Təsadüfi deyil ki, elan etdiyimiz 8-ci qrant müsabiqəsində dini radikalizmin qarşısını almaq üçün maarifləndirmə tədbirləri ilə bağlı xüsusi istiqamət var”.

F.Hacıyev son dövrlərdə dünyada, o cümlədən Azərbaycanda baş verən iqtisadi proseslər Azərbaycan Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinə təsir göstərmədiyini də bildirib. Onun sözlərinə görə, Fondun gələn il üçün nəzərdə tutulan büdcəsinin həcmi də 4,8 milyon manat təşkil edir.

1news.az

Paylaş:
818

Son xəbərlər

Bütün xəbərlər