Cərimələrlə bağlı sürücülərə mühüm xəbər | 1news.az | Xəbərlər
Cəmiyyət

Cərimələrlə bağlı sürücülərə mühüm xəbər

16:25 - 23 / 12 / 2015
Cərimələrlə bağlı sürücülərə mühüm xəbər

Son dövrlər sürücülər yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar elektron protokolların onlara çatdırılmamasından şikayətləri çoxalıb.

1news.az-ın məlumatına görə, əksər sürücülər radarlar, kameraların köməyi ilə aşkar olunaraq elekton qaydada tərtib olunan protokolların onlara göndərilmədiyini, əvəzində isə dövlət yol polisi əməkdaşları tərəfindən yollarda saxlanılaraq ödənilməmiş cərimələrinin olduğu və dərhal ödəniş edilməsini tələb etdiyini bildirirlər.

Maraqlı burasındadır ki, sürücülər bir çox hallarda belə protokolların ödənilməsi ilə əlaqədar banklara müraciət etdikdə orada da həmin protokollar barədə məlumat aşkar edilmir və ödəniş aparmaq mümkün olmur.

Bununla əlaqədar kiçik araşdırma zamanı müəyyən etdik ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 fevral 110 nömrəli Fərmanına əsasən “ASAN ödəniş” sistemi yaradılıb. “ASAN ödəniş” sisteminin məqsədi  inzibati xəta haqqında elektron protokolun və ya qərarın vətəndaşa elektron qaydada göndərilməsini, inzibati cərimələrin elektron qaydada ödənilməsini təmin etməkdir.

Vətəndaş asanpay.az saytında qeydiyyatdan keçməklə hər bir sürücü üçün sistemdə yaradılmış elektron kabinet vasitəsilə ona tətbiq olunan inzibati tənbehlərlə bağlı detallı və hərtərəfli məlumatlarla (protokollar, qanun pozuntuları ilə bağlı foto və video görüntülər və s.) tanış olmaq imkanı əldə edir.

İstifadəçi Elektron kabinet vasitəsi ilə aşağıdakı əməliyyatları yerinə yetirə bilər:

·   Cərimələr və inzibati tənbehlər haqqında məlumatlara baxmaq

·   Tətbiq edilmiş cərimələr barədə məlumat almaq;

·   İnzibati tənbeh protokollarının detalları (foto və video) ilə tanış olmaq;

·   Cərimələr üzrə ödənişləri həyata keçirmək;

·   Əməliyyatların tarixçəsinə baxmaq, eləcə də yerinə yetirilən ödənişlər haqqında bildirişləri çap etmək.

Qeyd edək ki, “ASAN ödəniş” sisteminin istifadəçisinin harasa getməsinə və növbələrdə durmasına ehtiyac yoxdur. İstifadəçi bilavasitə həmin saytda olan elektron ödəniş sistemi vasitəsilə cərimənin ödənilməsini həyata keçirə bilər. Sistem aparılmış ödənişlər üzrə tarixcəni də saxlayır.

Həmçinin Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “ASAN ödəniş” sistemi haqqında Əsasnaməyə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında elektron protokol hər bir sürücü üçün asanpay.az saytında yaradılmış elektron kabinetdə yerləşdirilməlidir. Protokol həmin elektron kabinetdə yerləşdirilməyənədək sürücüdən həmin protokola görə cərimənin ödənilməsi tələb edilə bilməz, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz.

1news.az

Paylaş:
2287

Son xəbərlər

Bütün xəbərlər