Azərbaycanda 10 regiondan 1000 gənci birləşdirən debatlar yekunlaşdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 10 regiondan 1000 gənci birləşdirən debatlar yekunlaşdı

11:59 - 23 / 12 / 2015
Azərbaycanda 10 regiondan 1000 gənci birləşdirən debatlar yekunlaşdı

Gənclər və İdman Nazirliyinin və Prezident yanında Gənclər Fondunun dəstəyi ilə DVC (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) tərəfindən həyata keçirilən “Respublika Gənclər Debat Forumu 2015: Payız Kuboku” layihəsinin mükafatlandırma və bağlanış mərasimi baş tutub.

1news.az-ın “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyindən verilən xəbərə görə, 500-dən artıq gəncin iştirakı ilə baş tutan tədbirdə Respublika Çempionu olmuş komandanın adı açıqlanıb.

Forumun məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsinə əsasən gənclərin sözügedən mövzuda məlumatlılığını artırmaq, ölkəmizdə kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılmasına dəstək olmaqdır.

Tədbirdə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Seymur Hüseynov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər Təşkilatları ilə İş sektorunun müdiri Vüsal Quliyevin çıxışları dinlənilib.

Çıxışı zamanı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vurğulayıb:

“Debatın əsas məqsədi gəncləri maarifləndirmək və fərdi intellektual şüurun formalaşmasıdır. Debat dövlətin əsas strategiyası olan gəncliyin inkişafına böyük dəstək göstərir. Bakı Dövlət Universiteti də öz debatı ilə hər zaman fərqlənmişdir. Nəticələrə baxdıqda görürük ki, "Bakı Gənclər Debat Forumu"nda da finala çıxan komandaların hər ikisi BDUnu təmsil edirdi. Mən gəncləri bu yolda dəstəkləyirəm və bundan sonra da onlara kömək edəcəyəm”.

DVC-nin sədri Seymur Hüseynov forum haqqında məlumat verib:

“Layihənin məqsədi Prezident İlham Əliyevin sərəncamı əsasında 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı gənclərin sözügedən mövzuda məlumatlılığını artırmaq, ölkəmizdə kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılmasına dəstək olmaqdan ibarətdir”.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib:

“Ölkəmizdə 20 il ərzində bir çox sahələr inkişaf etmişdir. Çox xoşdur ki, bu gün Azərbaycanda ölkənin ictimai inkişafı ilə ələqadar mövzularda bir sıra debat forumları digər maraqlı tədbirlər keçirilir. Debatlar məhz ona xidmət edir ki, gənclər öz fikirlərini sərbəst şəkildə ifadə etsinlər, ölkə gündəmində olan mövzularda fikir mübadiləsi apara bilsinlər. Uğurlarını nəzərə alaraq deyə bilərik ki, Bakı Dövlət Universitetinin debat klubu öz fəaliyyətini inamla davam etdirir. Aydın məsələdir ki, istək və potensial işin yarısıdır, digər yarısı da universitetin yaratdığı şəraitlə bağlıdır. Burada görürük ki gənclərimiz bundan maksimum yararlana biliblər”.

Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev vurğulayıb:

“Mən Gənclər və İdman Nazirliyində işləyəndə düşünürdüm ki, bu debat nədir axı, gəncləri öz ətrafına yığır, burada nə haqqında danışırlar. Lakin, bir dəfə mən də belə bir layihədə iştirak etdim, və bununla da çox böyük həvəslə dəstək verməyə başladım. İnanıram ki, məhz bu layihə nəticəsində zəkalı, intellektual gənclərimiz üzə çıxacaq və ölkəmizin nəinki gələcək, indiki potensialını da müəyyən edəcək”.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər Təşkilatları ilə İş sektorunun müdiri Vüsal Quliyev qeyd edib:

“Nəinki ölkəmizin paytaxt şəhəri Bakı, bütün regionlarımız gənclər siyasətinin əhatəsindədir. Bu gün bizim gənclər siyasətimiz nəinki bir konsepsiya kimi həyata keçirilir, bir model kimi tətbiq olunur. Bu siyasət vətənpərvərlik ruhunun artırılması, maarifləndirmə, sağlam həyat tərzi yaşamaq, məşğulluq probleminin həll olunmasına və s. xidmət edir ".

Daha sonra, Milli Debat Proqramı çərçivəsində respublika səviyyəsində 2015-ci il ərzində görülmüş işlərlə bağlı DVC-nin gənc nümayəndələri: Hakimlər komitəsinin sədri Kərim Kərimov, BDU Debat Klubunun sədri Orxan Ağayev, Gəncə Regional Debat Mərkəzinin sədri Nigar Ələsgərova tərəfindən təqdimat keçirilib, Forum ilə bağlı video-hesabat təqdim olunub.

Qeyd olundu ki, “Respublika Gənclər Debat Forumu 2015: Payız Kuboku” layihəsi çərçivəsində Bakı, Sumqayıt, Gəncə, Şəki, İsmayıllı, Qusar, Lənkəran, Mingəçevir, Şəmkir və Sabirabad rayon və şəhərlərində 1000 nəfərə yaxın gəncin iştirakı ilə təlimlər, daxili turnirlər, regional forumlar həyata keçirilib. Regional forumların qalibləri Forumun yekun mərhələsində mübarizə aparmaq şansı qazanıb və final mərhələsində Bakı və Qusar şəhərlərini təmsil edən komandalar qarşılaşdı.

Tədbirin sonunda, Forumun yekun mərhələsinin nəticələrinə əsasən respublikanın ən yaxşı natiqləri seçilmiş gənclər mükafatlandırıldı. Hakimlər heyətinin qərarı ilə Forumun qalibinin Bakı şəhərini təmsil edən “Qeyd-şərtsiz” komandası olduğu açıqlandı. Qalib komanda “Payız Kuboku”nu əldə etməklə Respublika Çempionu adını qazanmağa müvəffəq oldu.

Məlumat üçün qeyd edək ki, DVC-nin aparıcı və ən kütləvi proqramlarından biri olan “Milli Debat Proqramı” gənclərin maariflənməsi və intellektual gənclər şəbəkəsinin yaradılması məqsədi daşıyır. Proqram vasitəsilə gənclərə debat metodologiyası, sosial aktivlik və digər bilik, bacarıq və dəyərlər aşılanılır. Proqram respublikanın 45 rayonunu və bütün böyük şəhərləri əhatə etməklə, 11 regional nümayəndəlik-mərkəzi özündə birləşdirir. Bu günə qədər Milli Debat Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdə 40 000-dən artıq gənc iştirak edib. 

1news.az

Paylaş:
1182

Son xəbərlər

Bütün xəbərlər