Heydər Əsədov: Bazarlarda süni qiymət artımının qarşısının alınması üçün tədbirlər görülür | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əsədov: Bazarlarda süni qiymət artımının qarşısının alınması üçün tədbirlər görülür

16:40 - 24 / 12 / 2015
Heydər Əsədov: Bazarlarda süni qiymət artımının qarşısının alınması üçün tədbirlər görülür

Demək olmaz ki, manatın devalvasiyasının kənd təsərrüfatı məhsullarının qiymətinə heç bir təsiri olmayacaq. Bizim məqsədimiz bu təsiri minimuma endirməkdir.

1news.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Nazirin sözlərinə görə, üzən məzənnə rejiminə keçid yerli istehsala birbaşa təsir etməsə də, dolayı yolla təsir edir:

“Yerli istehsala təsiri məsələsinə birmənalı yanaşmağı doğru hesab etmirəm. Burda bir məqamı nəzərə almaq lazımdır ki, xaricdən idxal olunan məhsullar xarici valyuta ilə daxil olduğuna görə, burada birbaşa təsiri hesablamaq mümkündür. Yerli istehsala gəlincə, burda müəyyən məqamlar var. Çünki, yerli məhsul istehsal edənlər bu məhsulu özlərinin birbaşa istehlakı üçün deyil, bütövlükdə cəmiyyətin istehlakı üçün istehsal edir. Yəni, bu məhsulun qarşılığında, bu məhsulu sataraq hansısa məhsul almalıdır.

Tutaq ki, 100 kiloqram məhsulu 80 manata sataraq bunun qarşılığında soyuducu və yaxud digər məişət texnikası almalıdır. Bu məhsullar isə idxal olunduğundan öz ehtiyaclarını qarşılamaq üçün yerli istehsala birbaşa olmasa da, dolayı yolla təsir edir. Düzdür, demək olmaz ki, bu gün devalvasiya varsa, yerli istehsalda qiymət artmalıdır. Bunun təsiri bir az uzun müddətlidir. Çünki, istehsal olunan məhsulların maya dəyəri keçən ildən qoyulub, bu il isə hazır məhsul alınıb. Ona görə, prezident İlham Əliyevin qeyd etdiyi kimi, burada dolayı yolla da olsa, təsiri minimuma endirmək lazımdır. Demək olmaz ki, heç bir təsiri olmayacaq”.

H.Əsədov əlavə edib ki, süni qiymət artımının qarşısını almaq üçün Kəndə Təsərrüfatı Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə müəyyən işlər görür.

“Süni qiymət artımının qarşısını almaq üçün yarmarkaların həcmini və sahəsini genişləndirməyə çalışırıq. Artıq icra hakimiyyəti orqanlarına müraciət etmişik. Yeni ildən tək Bakı və Sumqayıtda deyil, regionlarda da yarmarkalar təşkil olunacaq.

İstəyirik ki, fermerlərin bazara çıxışını dolayı yolla yox, birbaşa çıxışını təmin edək ki, orta həlqələr yaranmış şəraitdən istifadə edərək süni qiymət artımına yol verməsinlər. Bu, prezident tərəfindən müvafiq strukturlar qarşısında qoyulan ən əsas məsələlərdən biridir. Biz də çalışacağıq ki, kənd təsərrüfatı məhsullarının bazara çıxarılmasını orta həlqələri ləğv etməklə, alternativ bazarlar təmin etməklə süni qiymət artımının qarşısını alaq”.

1news.az

Paylaş:
862

Son xəbərlər

Bütün xəbərlər