Məktəbli qızı zorlamaqda ittiham olunan yuxarı sinif şagirdləri azadlığa buraxılmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəbli qızı zorlamaqda ittiham olunan yuxarı sinif şagirdləri azadlığa buraxılmayıb

16:55 - 24 / 12 / 2015
Məktəbli qızı zorlamaqda ittiham olunan yuxarı sinif şagirdləri azadlığa buraxılmayıb

Məktəbli qızı zorlayan yuxarı sinif şagirdlərinin məhkəmədə bəraət aldıqdan sonra azadlığa buraxılması haqqında məlumatlara aydınlıq gətirilib.

Sumqayıt Appelyasiya Məhkəməsinin şagirdlərə bəraət verməsi  və azadlığa buraxması  sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzu olub.

Təbii ki, insanların ilk reaksiyası qarardan narazılıq və çaşqınlıq olub. Buna səbəb olan amillərdən biri də, yayılan informasiyanın çox məhdud olmasıdır.

1news.az tərəfindən gerçəkləşdirilən jurnalist arışdırması nəticəsində məlum olub ki, hər şey ilkin informasiyada təqdim olunandan tamamilə fərqlənir.

Qeyd edək ki, KİV-lərdə yayılan məlumatlarda məhkəmə prosesində iştirak edən vəkillərdən biri –Gülşən Salmanovaya istinad edilib.

Sumqayıt Appelyasiya məhkəməsində Abşeron rayon sakinləri Elməddin Telman oğlu Qədirli, Nicat Babək oğlu Ağayev, Elşən Tofiq oğlu Novruzov və Maqsud Yusif oğlu Şamiyevə qarşı AR Cinayət Məcəlləsinin  150.2.1 (Seksual xarakterli zorakılıq hərəkətləri: bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 150.2.3 (Seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5 (Seksual xarakterli zorakılıq hərəkətləri təkrar törədildikdə), 182.2.1 (Hədə-qorxu ilə tələb etmə  qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə ) və 182.2.2 (Hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) maddələrinə əsasən açılmış cinayət işinə baxılıb.

Prokurorluq iddia edir ki, ittiham olunan şəxslər  9 dekabr 2014-cü il tarixində Abşeron rayonu ərazisində 9-cu sinif şagirdi Ş.M.-ni  (etik nöqteyi-nəzərdən ad tam qeyd olunmayıb. məq.müəl.)  zorlayıb və öz hərəkətlərini videoya çəkiblər. Daha sonra onlar qızı bu kadrlarda şantaj edib.

Bundan xəbər tutan zərərçəkənin valideynləri polisə müraciət edib. İlkin araşdırmadan sonra materiallar prokurorluğa göndərilib.   

11 dekabr 2014-cü ildə Azad Məcidovun sərdliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi zamanı Elməddin Qədirli 6 il 6 ay müddətinə, Nicat Ağayev, Elşən Novruzov və Maqsud Şamiyev  isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub.

Qərarla bağlı məhkumların vəkilləri appelyasiya məhkəməsinə müraciət edib.

Sumqayıt Appelyasiya Məhkəməsində sədr İlham Həsənəv, məhkəmə kollegiyasının üzvləri Vidadi Cəfərov, Hüseyn Nəbiyevin iştirakı ilə işə yenidən baxılıb və müttəhimlərə qismən bəraət verilib.   

Sübut oluna bilmədiyinə görə onların üzərindən AR Cinayət Məcəlləsinin  150.2.1 (Seksual xarakterli zorakılıq hərəkətləri: bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 150.2.3 (Seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5 (Seksual xarakterli zorakılıq hərəkətləri təkrar törədildikdə) maddələri ilə ittiham qaldırıb.

AR Cinayət Məcəlləsinin  182.2.1 (Hədə-qorxu ilə tələb etmə  qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə ) və 182.2.2 (Hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə)maddələrinə əsasən irəli sürülən ittihamlar  isə qüvvədə qalıb

Həmçinin, məhkəmə yekun hökmdən 66.3. (Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti on beş ildən çox ola bilməz)  maddəsinin çıxarılmasına qərar verib.

Elməddin Qədirlinin həbs cəzası 5 il 6 ay müddətinə azaldılmış,  Nicat Ağayev, Elşən Novruzov və Maqsud Şamiyevin cəzacəkmə müddəti 5 ilə endirilmişdir.

Müttəhimlər məhkəmə zalında sərbəst buraxılmayıb, cəzanın qalan hissəsini çəkmək üçün həbsxanaya göndəriliblər.

Beləliklə, onların azad edilməsi ilə bağlı imformasiyanın səhv olduğu aydınlaşıb.

Sumqayıt Appelyasiya Məhkəməsinin orijinal qərarı ilə keçiddən tanış olamaq mümkündür.

Teymur Rzayev

Paylaş:
857

Son xəbərlər

Bütün xəbərlər