Səlim Müslümov: Heç bir sosial layihə və proqram kəsrlə icra olunmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Səlim Müslümov: Heç bir sosial layihə və proqram kəsrlə icra olunmayacaq

17:06 - 24 / 12 / 2015
Səlim Müslümov: Heç bir sosial layihə və proqram kəsrlə icra olunmayacaq

Son 12-13 ildə iqtisadiyyatın sürətli inkişafı hesabına Azərbaycan əhalisinin sosial rifahının yüksəldilməsi ilə bağlı çox böyük addımlar atılıb.

1news.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazirin sözlərinə görə, bu, ölkədə yoxsulluğun səviyyəsini kəskin şəkildə, 5%-ə qədər aşağı salmağa imkan verib. Çoxlu sayda iş yerləri açılıb, əmək haqqının insanın gəlirlərində rolu, gəlirlərin pul çəkisi artıb.

Nazir dollarla müqayisədə manatın məzənnəsinin aşağı düşməsinə də toxunub:

“Bildiyiniz kimi, çoxdandır ölkə iqtisadiyyatımızın dollardan xilas edilməsi prosesi baş verir. Ölkə daxilində bütün proseslər uzun müddətdir ki, manatla həyata keçirilir. O cümlədən, istehlak səbətinə daxil olan malların ümumi dəyərinin müəyyənləşdirilməsi istiqamətində işlər həyata keçirilir. Bu günə əsas olan odur ki, müəyyən qədər sakitləşmə baş verməlidir və bundan sonra bazardakı qiymətlər müşahidə olunmalıdır. Bunun nəticəsinə əsasən istehlak səbətinin dəyərinin necə dəyişməsi öyrənilməlidir.

Bu proseslər hazırda tərəfimizdən nəzarətdə saxlanılır, bizim mütəxəssislər bazarlarda müşahidə aparırlar. Bir şeyi də nəzərə almaq lazımdır ki, devalvasiya ilə Yeni il bayramının yaxınlaşması üst-üstə düşüb. Buna görə, Yeni il öncəsi bazarlarda olan proseslər, formalaşacaq qiymətlər müəyyən qədər tam  mənzərəni ortaya qoya bilməyəcək”.

S. Müslümov deyib ki, müşahidələr növbəti ilin ilk ayında da davam edəcək:

“Bundan sonra əldə olunan nəticələr əsasında insanların gəlirləri, xüsusilə, aztəminatlı təbəqənin dövlət hesabına əldə etdiyi gəlirlərin pensiya və müavinətlər, ünvanlı sosial yardım və müxtəlif kompensasiyalar şəklində əldə etdiyi gəlirlərin nə qədər dəyərdən düşə bilmə ehtimalının, yaxud, faktiki olaraq, nə qədər dəyərdən düşdüyünün dəqiq mənzərəsini ortaya qoyacaq. Yalnız bunun əsasında növbəti addımların nədən ibarət olduğu barədə fikir söyləmək mümkün olacaq”.

S.Müslümov məzənnə siyasətinin dəyişməsinin əhaliyə ödəniləcək pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə heç bir problem yaratmayacağını da diqqətə çatdırıb:

“Bunu Prezident İlham Əliyev bu gün gözdən əlillər üçün 132 mənzilli 12 mərtəbəli binanın açılışında iştirakı zamanı da təsdiqləyib. Ölkə başçısı bir daha vurğuladı ki, Azərbaycanda bu gün mövcud olan iqtisadi potensial hökumətin öz üzərinə götürdüyü bütün sosial öhdəlikləri vaxtında icra etməsinə imkan verir. Növbəti ildə də heç bir sosial layihə və proqram kəsrlə icra olunmayacaq. Tam şəkildə icra olunacaq”.

1news.az

Paylaş:
827

Son xəbərlər

Bütün xəbərlər