Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun loqotipinin təqdimatı olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun loqotipinin təqdimatı olub – FOTO

11:13 - 24 / 12 / 2015
Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun loqotipinin təqdimatı olub – FOTO

Beynəlxalq Muğam Mərkəzində “Lahıc misgərlik sənəti”nin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi və BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun loqotipinin təqdimat mərasimi keçirilib.

Tədbirdən əvvəl mərkəzin foyesində Qədim Musiqi Alətləri Ansamblının ifasında musiqilər səsləndirilib və misgərlik sənəti nümunələri sərgilənib.

Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu tədbiri iki hadisəyə həsr etdiklərini söyləyib. Bunlardan biri “Lahıc misgərlik sənəti”nin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi ilə bağlıdır. Qeyd olunub ki, bu il noyabrın 30-da Namibiya Respublikasının paytaxtı Vindhuk şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası keçirilib. Azərbaycan tərəfindən “Lahıc misgərlik sənəti” nominasiyası təqdim olunub və fayl Qeyri-maddi mədəni irsin qorunmasına dair Konvensiyanın bütün kriteriyalarına cavab verməklə yanaşı, nümunəvi namizədlik faylı kimi UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Bununla da tar, muğam, aşıq, kəlağayı sənəti və digər mədəniyyət nümunələrimlə bərabər Lahıc misgərlik sənəti də bəşəriyyətin məxsus olub.

Diqqətə çatdırılıb ki, bu prosesləri uğurla həyata keçirmək üçün bir çox amillər lazımdır. Bunlardan bir də beynəlxalq aləmdə ölkəmizin nüfuza sahib olmasıdır. Vurğulanıb ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın UNESCO-dakı fəaliyyəti nəticəsində buna nail olmuşuq.

Nazir eyni zamanda bildirib ki, 2016-cı il aprelin 25-dən 27-dək Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

Misgərlik sənətinin vətəni olan Lahıcla bağlı video-çarx nümayiş edildikdən sonra BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun loqotipinin və internet səhifəsinin təqdimatı olub.

Tədbir konsert proqramı ilə davam edib.

Leyla Məmmədova

Foto: AZERTAC

Paylaş:
945

Son xəbərlər

Bütün xəbərlər