Azad Rəhimov ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib
Gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
1news.az-ın məlumatına görə, gənclər siyasətindən danışan nazir bildirib ki, ümumilikdə 2015-ci il ərzində gənclərlə iş sahəsində 91 tədbir keçirilib, onlardan 76-i yerli, 15-i isə beynəlxalq səviyyəli olub.
26 yanvar 2015-ci il tarixdə ölkə Prezidenti tərəfindən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın imzalandığını xatırladan A.Rəhimovun sözlərinə görə, cari ildə elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində fərqlənmiş 6 nəfər gəncə "Gənclər üçün Prezident Mükafatı" təqdim edilib. Eyni zamanda, 17 nəfər istedadlı və yaradıcı gənc, gənclərin 9 qeyri-hökumət təşkilatı və 4 tələbə gənclər təşkilatı Gənclər və İdman Nazirliyinin mükafatlarına layiq görülüb.
Nazir gənclər evlərinin yaradılması sahəsində görülən işlərdən də söz açıb. Hazırda ölkə üzrə 33 gənclər evinin fəaliyyət göstərdiyini diqqətə çatdıran A.Rəhimov bildirib ki, gələn il Gəncə və Şirvan şəhərlərində "Gənclər evi"nin tikintisi başa çatdırılacaq, Şəki şəhəri, Bərdə, Quba və Şamaxı rayonlarında isə tikinti işləri davam etdiriləcək.
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının uğurla icra olunduğunu deyən nazirin sözlərinə görə, Proqram çərçivəsində bir sıra rayonlarda gənclər evləri, “Virtual Qarabağ” adlı İnformasiya-Kommunikasiya Texnologiyaları, istedadlı gənclər və gənc alimlər barəsində məlumat bankı, “İstedadların hazırlığı laboratoriyası” yaradılıb.
Eyni zamanda 165 ölkədən 700 nəfər gəncin iştirakı ilə Gənclər siyasəti üzrə I Qlobal Forum həyata keçirilib, “Mən Azərbaycan haqqında nə bilirəm?” esse müsabiqəsi çərçivəsində 47 ölkədən olan 174 qalib gənc Azərbaycanda səfərdə olub və digər tədbirlər keçirilib.
A.Rəhimov 2015-ci ildə ölkəmizdə idman siyasəti ilə bağlı da danışıb. Qeyd olunub ki, 2015-ci ildə respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə ölkəmizdə 200-dən çox respublikayarışları təşkil edilib, 46 beynəlxalq yarış (2014-cü ildə 55 yarış) keçirilib. Xarici ölkələrdə keçirilmiş 196 beynəlxalq yarışlarda isə ölkə yığma komandalarının iştirakı təmin olunub.
Məlumata görə, bu il idmançılarımız olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda 321-i qızıl, 222-si gümüş və 280-i bürünc olmaqla ümumilikdə 823 medal qazanıblar. Bunlardan 297 medal (105 qızıl, 61 gümüş, 131 bürünc) olimpiya, 526 medal isə (216 qızıl, 161 gümüş, 149 bürünc) qeyri-olimpiya idman növlərindən olub. Müqayisə üçün qeyd edək ki, 2014-cü ildə idmançılarımız beynəlxalq yarışlarda 275-i qızıl, 255-i gümüş və 275-i bürüncolmaqla ümumilikdə 805 medal qazanmışdılar.
Gələn il Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına hazırlıqla bağlı məlumat verən A.Rəhimovun sözlərinə görə, Prezident İlham Əliyevin 12 avqust 2015-ci il tarixli "XXXI Yay Olimpiya Oyunlarına hazırlıq haqqında" Sərəncamına əsasən Olimpiya Oyunlarına hazırlıq işləri xüsusi proqram əsasında həyata keçirilir. Bu günədək artıq 7 idman növü üzrə 29 lisenziya əldə edilib. Bunlardan: boks- 3, atletika- 3, avarçəkmə- 5, güləş-11 (yunan-roma-4, sərbəst güləş-4, qadın güləşi-3), gimnastika-2, agır atletika-4, taekvondo-1 lisenziya qazanıb.
İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsini xüsusi qeyd edən nazir bildirib ki, 16-sı Olimpiya, 4-ü isə qeyri-olimpiya idman növü olmaqla ümumilikdə 20 idman növündə keçirilmişOyunlarda Azərbaycan bütün növlərdə 291 idmançı ilə təmsil olunub.
Avropanın 50 ölkəsinin idmançılarının iştirak etdiyi bu möhtəşəm tədbirdə Azərbaycan 21-i qızıl, 15-i gümüş və 20-si bürünc olmaqla 56 medal qazanıb və medallar cədvəlində Rusiyadan sonra 2-ci yeri tutaraq tarixi qələbəyə imza atıb.
1news.az