Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Batumidə qeyd olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Batumidə qeyd olunub

12:32 - 27 / 12 / 2015
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Batumidə qeyd olunub

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı Batumi şəhərindəki Baş konsulluğumuz tərəfindən təntənəli mərasim keçirilib.

Tədbirdə Acarıstan Muxtar Respublikası Ali Sovetinin sədri Aftandil Beridze, hökumət üzvləri, Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi, İran İslam Respublikasının baş konsulu Hossein Maşhadi, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin sədri Vidadi Axundov və Azərbaycan icmasının üzvləri, Türkiyənin baş konsulluğunun əməkdaşları, Batumidə fəaliyyət göstərən digər icmaların nümayəndələri iştirak ediblər.

Baş konsul Rəşad İsmayılov Prezident İlham Əliyevin dünya azərbaycanlılarına təbrikini iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bu bayram dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində xüsusi rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi ideyası artıq təşəbbüsdən əməli işə çevrilib, dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qaldırılıb, soydaşlarımızın yığcam yaşadıqları ölkələrdə təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi üçün mühüm amil olub.

Baş konsul Prezident İlham Əliyevin noyabr ayında Gürcüstana səfəri zamanı Marneuli rayonunda “Çay evi” tədris mərkəzində azərbaycanlılarla görüşünü xatırladıb və bu görüşdə dövlətimizin başçısının Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafında bu ölkədə yaşayan soydaşlarımızın böyük rol oynadıqlarını vurğuladığı diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Acarıstan MR Ali Sovetinin sədri Aftandil Beridze azərbaycanlıların arasında olmaqdan və onlarla birlikdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd etməkdən məmnunluğunu bildirib. Gürcülərin Azərbaycan xalqına xüsusi münasibəti olduğunu vurğulayan Ali Sovetin sədri qeyd edib ki, Acarıstanın, özəlliklə də Batuminin tarixinə nəzər yetirilsə, xalqlarımızın qədimdən dost olduğu, şəhərlərimizin və regionlarımızın çoxəsrlik tarixi münasibətləri asanlıqla anlaşılar.

Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi Gürcüstan ilə Azərbaycan arasındakı tarixi əlaqələrdən söhbət açıb, xalqlarımızın yaxın qonşuluq və möhkəm dostluq şəraitində yaşadıqlarını vurğulayıb. Batumi Dövlət Universitetində “Acarıstan-Naxçıvan Muxtar Respublikası” dostluq auditoriyasının dərinləşən dostluğumuzun və təhsil əlaqələrimizin gözəl nümunəsi olduğunu qeyd edib.

Tədbir bədii proqram və ziyafətlə yekunlaşıb.

Paylaş:
691

Son xəbərlər

Bütün xəbərlər