“Günəşli” yatağında həlak olmuş və itkin düşmüş neftçilərin ailələri maddi yardımla təmin olunacaqlar | 1news.az | Xəbərlər
Cəmiyyət

“Günəşli” yatağında həlak olmuş və itkin düşmüş neftçilərin ailələri maddi yardımla təmin olunacaqlar

12:08 - 28 / 12 / 2015
“Günəşli” yatağında həlak olmuş və itkin düşmüş neftçilərin ailələri maddi yardımla təmin olunacaqlar

“Günəşli” yatağındakı 10 nömrəli dərin dəniz özülündə baş vermiş qəza zamanı həlak olmuş və itkin düşmüş neftçilərin hamısının ailələrinə birdəfəlik maddi yardımın verilməsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bu günün sonunadək başa çatdırılması nəzərdə tutulur.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu haqda SOCAR-ın mətbuat xidmətindən bildirilib.

Artıq həlak olan və itkin düşən şəxslərin yarıdan çoxunun ailə üzvləri ilə görüşlər keçirilib və yardım müəyyənləşdirilmiş şəxslərin adına açılmış bank hesablarına köçürülüb.

“Azneft” İstehsalat Birliyindən məlumat verilib ki, dövlət tərəfindən birdəfəlik maddi yardım ödənilməsi prosesi birlik tərəfindən də həyata keçirilir. Həlak olan və itkin düşən “Azneft” İB-nin işçilərinin artıq 70-80%-inin ailələri maddi yardımlarla təmin olunublar. Qalan ailələrə də bu günün sonuna kimi yardımların verilməsi planlaşdırılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə, dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 nömrəli dərin dəniz özülündə baş vermiş qəza zamanı həlak olan və itkin düşən SOCAR-ın əməkdaşlarının hər birinin ailəsinə dövlət tərəfindən 15 000 (on beş min) manat məbləğində birdəfəlik maddi yardım ödənilməsi qərara alınmışdı.

Artıq dekabrın 24-dən etibarən bu yardımların, eyni zamanda həmin gün “Neft Daşları”ndakı 501 nömrəli özüldə baş vermiş qəzada itkin düşən üç nəfər neftçinin ailəsinə SOCAR tərəfindən ayrılmış eyni məbləğdə birdəfəlik yardımların verilməsi prosesinə başlanılmışdı.

1news.az

Paylaş:
621

Son xəbərlər

Bütün xəbərlər