Avstraliyada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub
Avstraliyanın Sidney şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə tədbir keçirilib.
1news.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı səfirliyini dəstəyi, Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən gecədə Avstraliyanın müxtəlif şəhərlərində yaşayan soydaşlarımız, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, Azərbaycanın diaspor və mədəniyyət təşkilatlarının nümayəndələri, türkdilli xalqlarının təmsilçiləri və digər qonaqlar iştirak edib.
Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı səfiri Rövşən Cəmşidov və səfirliyin əməkdaşları da təbirə qatılıb.
Tədbirdə Avstraliyada yaşayan azərbaycanlıların diaspor quruculuğunda iştirakı, Azərbaycan və Avstraliya arasında olan münasibətlərin hazırkı vəziyyəti barədə məlumat verilib. Çıxış edənlər Azərbaycan xalqını 31 dekabr Həmrəylik Günü və qarşıdan gələn yeni il bayramı münasibətilə təbrik ediblər.
Tədbir iştirakçılarına Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub. Azərbaycan Respublikasının əməkdar artisti Sevinc Hüseynli Azərbaycan milli rəqslərini ifa edib.
1news.az