Yaponiyanın internet televiziyasının sonuncu xüsusi buraxılışı Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaponiyanın internet televiziyasının sonuncu xüsusi buraxılışı Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilib

12:15 - 29 / 12 / 2015
Yaponiyanın internet televiziyasının sonuncu xüsusi buraxılışı Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilib

Dekabrın 28-də Tokioda  “World Investors TV”-nin 2015-ci il üçün sonuncu canlı buraxılışı Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilib.

Verilişin xüsusi qonağı olan Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının prezidenti, doktorant tələbə Əlibəy Məmmədov  Azərbaycanın milli bayramları haqqında ətraflı məlumat verib.

Azərbaycanın coğrafi-mövqeyi, milli bayramları və dövlət əhəmiyyətli günləri haqqında danışan Əlibəy Məmmədov  Dünya Azərbaycanlıların Həmrəylik Günü bayramı ilə əlaqədar çıxışında bu günün tarixini və əhəmiyyətini  diqqətə çatdırıb. O bildirib ki, ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildə  31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildikdən sonra tək Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz böyük fəxr və qürur hissi ilə bu günü qeyd edirlər.

Ə.Məmmədov Azərbaycan diasporunun  fəallığını, xaricdəki soydaşlarımızın azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək ölkəmizi tanıtmasının vacibliyini vurğulayıb.

Verilişin produseri İşida Kazuyasu isə bildirib ki, yaponların da belə bir günə ehtiyacı var və Dünya Azərbaycanlılarının Həmrəylik Günü buna çox gözəl nümunə ola bilər.

Qeyd edək ki, bu, sayca həmyerlimizin sözügedən verilişdə 3-cü çıxışıdır. İlk çıxışını cari ilin oktyabr ayında yapon şirkətlərinin Azərbaycana axını mövzusuna, noyabr ayındakı ikinci çıxışını  isə Azərbaycan Dövlət Bayrağı günü, Konstitusiya günü və Milli Dirçəliş gününə həsr edib.

1news.az

Paylaş:
637

Son xəbərlər

Bütün xəbərlər