Güzdək qəsəbəsində “Zərərli vərdişlər və erkən nikahın yaratdığı fəsadlar” layihəsinin icrasına başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Güzdək qəsəbəsində “Zərərli vərdişlər və erkən nikahın yaratdığı fəsadlar” layihəsinin icrasına başlanılıb

13:46 - 30 / 12 / 2015
Güzdək qəsəbəsində “Zərərli vərdişlər və erkən nikahın yaratdığı fəsadlar” layihəsinin icrasına başlanılıb

Dekabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Abşeron rayonu Güzdək qəsəbəsi “Rəsulullah” məscidi dini icmasının həyata keçirdiyi “Zərərli vərdişlər və erkən nikahın yaratdığı fəsadlar” layihəsi çərçivəsində Güzdək qəsəbəsi “Rəsulullah” məscidində “İslam dininə aid mötəbər mənbələrdə zərərli vərdişlərə baxış” mövzusunda maarifləndirici tədbir keçirilib.

1news.az komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Kəlbizadə, dini icmanın sədr müavini Mirkazım Kazımlı, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları, dindarlar, dini icma üzvləri, ziyalılar və gənclər iştirak ediblər.

Layihə çərçivəsində keçirilən ilk tədbir müqəddəs “Qurani-Kərim”dən surələrin oxunması ilə başlayıb.

Çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elnur Kəlbizadə Dövlət Komitəsinin ümumilikdə respublikada, eyni zamanda, Sumqayıt-Abşeron bölgəsində dini maarifləndirmə sahəsində gördüyü işlərdən danışıb. Layihə barədə məlumat verən şöbə əməkdaşı bildirib ki, Dövlət Komitəsi tərəfindən layihənin icrasının həyata keçirilməsi, maarifləndirmə işlərinin aparılması məqsədi ilə vəsait ayrılmış və layihənin icrasında başlanılmışdır.

Abşeron rayonu Güzdək qəsəbəsi “Rəsulullah” məscidi dini icmasının sədr müavini Mirkazım Kazımlı ölkə başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib. Qeyd edib ki, dini icmaların fəaliyyətinə göstərilən bu cür dəstək onların məsuliyyətini daha da artırır.

Tədbirdə çıxış edən Abşeron rayon İcra Hakimiyyəti başçısının Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Fəxrəddin Orucov qeyd edib ki, bu cür layihələrin reallaşdırılmasına göstərilən dəstək dini icmanın fəaliyyətinin daha da gücləndirməsi üçün həm də yaxşı bir stimuldur.  O, belə layihələrin reallaşdırılmasının, xüsusi ilə erkən nikahlara qarşı aktiv təbliğatın aparılmasının çox vacib olduğunu ifadə edib.

Tədbirdə “İslam dininə aid mötəbər mənbələrdə zərərli vərdişlərə baxış”  mövzusunda edilən məruzədə İslam dininin xalqımızın mənəvi dəyərlər sistemində yerindən, bu dinin zərərli vərdişlərə - narkomaniyaya, alkoqolizmə, cəhalətə qarşı mövqeyindən bəhs edilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Paylaş:
798

Son xəbərlər

Bütün xəbərlər