Bayram şənliyində minlərlə bərdəli iştirak edib - FOTO
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bərdə şəhərinin mərkəzi meydanında keçirilən ümumrayon tədbirində 9 min nəfərdən çox bərdəli iştirak edib.
AZƏRTAC xəbər verir ki, çıxış edənlər bayramlar münasibətilə iştirakçıları təbrik edib, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən, Prezident İlham Əliyevin milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində xidmətlərindən, 2015-ci ildə ölkədə və rayonda əldə olunan uğurlardan, sosial-iqtisadi inkişafdan danışıblar.
Bildirilib ki, yola saldığımız 2015-ci il bərdəlilər üçün Prezident İlham Əliyevin martın 12-də Bərdəyə səfəri ilə yaddaqalan və əlamətdar olub. Dövlət başçısı səfər zamanı Heydər Əliyev adına park-bulvarın, Bərdə regional “ASAN xidmət” mərkəzinin, Uşaq İncəsənət Məktəbinin, Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun, Qarabağ Aqrar Sənaye Parkının açılışında iştirak edib, 588 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə və Bərdə türbəsində aparılan təmir işlərinin gedişi ilə tanış olub.
Tədbirdə 2015-ci ildə rayonun ictimai-siyasi və mədəni həyatında, sosial-iqtisadi inkişafında fərqlənənlərə fəxri fərman və hədiyyələr verilib.
Yeni ilin personajları olan Şaxta baba ilə Qar qızın, “Qarabağ” xalq çalğı alətləri ansamblının, bədii özfəaliyyət dərnəklərinin, uşaq musiqi məktəbləri kollektivlərinin rəngarəng çıxışları tədbir iştirakçılarını şənləndirib.