Bayram günlərində Qəbələyə 3 minə yaxın turist gəlib - FOTO
Qəbələ rayonunun füsunkar təbiəti, burada yaradılan müasir turizm infrastrukturu nəinki isti yay fəslində, hətta soyuq qış aylarında da turistlərin diqqətini cəlb edir.
AZƏRTAC xəbər verir ki, bayram günlərində istirahət etmək üçün bu rayona gələn yerli və xarici turistlərin sayı ötən ildəkindən 2 dəfə çox olub. Qarlı dağlarda motorlu xizəklərlə, at və faytonlarla gəzintiyə çıxmaq, kanatla dağlarda gəzmək və buz üstündə xizəklə sürüşmək, meşələrdə heyvan və quş ovlamaq, göllərdə qayıqla gəzmək və balıq tutmaq barədə düşünənlərin arzusu bu günlərdə Qəbələdə gerçəkləşib. Son günlər rayonda əsl bayram həyəcanı yaşanıb, bütün otellər, istirahət və əyləncə mərkəzləri turistlərlə dolu olub.
Bayram günlərində qonaqların istirahətinin mənalı təşkili üçün otellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncəli tədbirlər keçirilib. Yerli və xarici turistlər Qəbələnin zəngin tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə yaxından tanış olublar. Burada yerləşən 20 müasir otel və istirahət mərkəzi bayram günlərində, ümumilikdə, 3 minə yaxın yerli və xarici turistə xidmət göstərib. Qəbələyə gələn turistlər təkcə rayon mərkəzini gəzməklə kifayətlənməyib, həm də dağ kəndlərinə üz tutublar. Yeni ili Qəbələdə qarşılayanlar arasında Hindistan, Türkiyə, Rusiya və Latviyadan gələnlər də olub.
Qəbələ rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova AZƏRTAC-a müsahibəsində bayram günlərində rayona gələnlər arasında yerli turistlərin çoxluq təşkil etdiyini bildirib: “Rayona gələn əcnəbi turistlər arasında da ötən ilin müvafiq dövrü ilə müqayisədə artım var. 2015-ci il Qəbələ rayonunda turizm sektoru üçün çox uğurlu olub. Təbii ki, istirahət üçün Qəbələdə bütün imkanlar var. Hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Həmin obyektlərdən 20-si beş, dörd və üçulduzlu otellər və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 2500 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. 2015-ci ildə Qəbələ rayonuna gələn xarici və yerli turistlərin sayı 50 min 200 nəfər olub”.
Şöbə müdirinin sözlərinə görə, bu il Qəbələnin otellərində Yeni il şənlikləri daha maraqlı keçib, müxtəlif əyləncəli tədbirlər təşkil olunub. Hazırda bayram tətili davam etdiyindən rayona gələnlərin sayının daha da artacağı gözlənilir. Nargilə Qafarova gözəl təbiəti olan qədim və müasir Qəbələ şəhərinin son illər bir çox beynəlxalq tədbirlərə, festivallara ev sahibliyi etdiyini və məhz bu amilin turistlərin rayona axınına təkan verdiyini bildirib. O, bundan əlavə, Qəbələdə “Tufandağ” Qış-Yay İstirahət Kompleksində kanat və xizəkçilik mərkəzinin, Stend və Ox Atıcılığı Kompleksinin, “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzinin turistlərin marağını daha çox cəlb etdiyini də vurğulayıb.