Kür və Araz çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabr ayının III ongünlüyü üçün Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az bildiriblər ki, Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən keçirilən monitorinqin məqsədi Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək olub.
Məlumata görə, dekabr ayının III ongünlüyündə Kür çayında suyun sərfi dekabr ayının II ongünlüyünə nisbətən 4 m3/san azalaraq 153 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda və Ağstafaçay su anbarında 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Dekabr ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 4, I Şahsevəndə və Bəhramtəpədə 3 dəfə YVQH-ni keçib.
Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.95-6.48 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1news.az