Azərbaycan taekvondoçusu Fəridə Əzizova Olimpiya Oyunlarına lisenziya qazanıb | 1news.az | Xəbərlər
İdman

Azərbaycan taekvondoçusu Fəridə Əzizova Olimpiya Oyunlarına lisenziya qazanıb

12:00 - 17 / 01 / 2016
Azərbaycan taekvondoçusu Fəridə Əzizova Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycan taekvondoçuları Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına daha bir lisenziyanı təmin ediblər.

Növbəti lisenziyanı ölkəmizə birinci Avropa Oyunlarının gümüş mükafatçısı Fəridə Əzizova qazandırıb.

Yanvarın 16-da İstanbulda start götürən Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirində mübarizə aparan Fəridə Əzizova (67 kq) makedoniyalı Petra Matiyaseviçi (4:1), ukraynalı Tatyana Teterevyanikovanı (3:0) və sloveniyalı Franka Aniçi (1:0) məğlub edərək finala yüksəlib. İdmançımız finala vəsiqə qazanmaqla Rio Olimpiadasında iştirak hüququ əldə edib.

Bu, taekvondo üzrə yığma komandamızın Olimpiya Oyunlarına ikinci lisenziyasıdır. Digər lisenziyanın sahibi Radik İsayev 2015-ci ilin dekabrında 80 kiloqram çəki dərəcəsində Olimpiadaya vəsiqəni təmin edib.

Taekvondoçumuz finalda almaniyalı idmançı Rabia Güleçi (1:0) məğlub edərək həm də İstanbuldakı turnirin qalibi olub.

Yanvarın 17-də daha iki təmsilçimiz - Patimat Abakarova (49 kq) və Milad Beigi Hərçəqani (80 kq) lisenziyalar uğrunda qüvvələrini sınayacaqlar.

Paylaş:
897

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər