Yaponiya İrana qarşı sanksiyaları ləğv edib
Yaponiya hökuməti Tehranın nüvə proqramı ilə bağlı əldə edilmiş razılaşmadan sonra İrana qarşı sanksiyaları ləğv etmək barədə qərar qəbul edib.
1news.az-ın Gazeta.ru-ya istinadla verdiyi xəbərə görə, bu barədə yanvarın 22-də Yaponiyanın xarici işlər naziri Fumio Kişida məlumat verib. Həmin ərəfədə yerli kütləvi-informasiya vasitələri Yaponiya hökumətinin sanksiyaların ləğvindən sonra İranla əməkdaşlıq edəcək şirkətlərə dəstək verəcəyi barədə məlumat yaymışdı.
Yaponiya İrandan neft almaqda və bu ölkənin böyük bazarına avtomobil ixracında maraqlıdır.
Xatırladaq ki, yanvarın 16-da BMT, ABŞ və Aİ nüvə proqramı ilə əlaqədar İrana qarşı tətbiq etdikləri iqtisadi və maliyyə sanksiyalarını ləğv edib. Sanksiyaların ləğv edilməsində Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə proqramı ilə bağlı 2015-ci il iyulun 14-də əldə edilmiş birgə planla əlaqədar Tehranın üzərinə düşən öhdəlikləri yerinə yetirməsi barədə təsdiqləyici məlumatı da mühüm rol oynayıb.
Gazeta.ru