Cenevrədə Respublika Günü qeyd olunub
Cenevrədəki “President Wilson” mehmanxanasında Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi tərəfindən Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Cenevrədəki BMT Bölməsinin rəhbər şəxsləri, burada yerləşən bir sıra beynəlxalq təşkilatların rəhbərləri və bu təşkilatlar yanında akkreditə olunmuş xarici ölkələrin daimi nümayəndələri, Cenevrədə fəaliyyət göstərən ictimai, mədəni, işgüzar dairələrin təmsilçiləri, yerli KİV nümayəndələri və Azərbaycan diasporasının fəalları iştirak ediblər. Digər qonaqlar ilə yanaşı, tədbirə ölkəmizin sıx əməkdaşlıq etdiyi beynəlxalq qurumların rəhbərləri - Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru cənab Uilyam Suing, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi cənab Houlin Jao, Parlamentlərarası İttifaqının prezidenti cənab Martin Çunqonq da qatılıblar.
Mərasimin əvvəlində Azərbaycanın milli himni səsləndirilib. Daha sonra Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov Azərbaycan Xalq Cümhuriyyətinin 98-ci ildönümü münasibəti ilə qonaqları təbrik edərək, onun müsəlman Şərqində ilk respublika kimi yaranması və demokratik dəyərlər və prinsiplər əsasında fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verilib. V.Sadıqov mərasim iştirakşılarının diqqətinə çatdırıb ki, müasir Azərbaycan Respublikası öz müstəqilliyini 1991-ci ildə bərpa edəndən sonra bir sıra çətinliklərlə üzləşib və öz ərazilərin 20 faizinin işğal edilməsi və bir milyondan çox qaçqın və məcburi köçkünün yaranması ilə nəticələnmiş Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Amma bunlara baxmayaraq, Azərbaycan bütün istiqamətlər üzrə sürətlə inkişaf edərək bölgənin aparıcı dövlətinə çevrilib və yerləşdiyi bölgədə və dünyada baş verən mühüm siyasi və iqtisadi proseslərin fəal iştirakçısıdır.
Ölkəmizin BMT ilə çoxşaxəli əlaqələrindən bəhs edərək, V.Sadıqov bildirib ki, 2 mart 1992-ci il tarixindən BMT-nın üzvü olan Azərbaycan bu dövrdə BMT-nın bir çox fəaliyyət istiqamətləri üzrə fəal iştirak edib. 2012-2013-cü illərdə BMT-nın Təhlükəsizlik Şurasının üzvü olması ölkəmizin müasir tarixində ən böyük diplomatik uğuru olub. V.Sadıqov qeyd edib ki, Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin, davamlı inkişafın və demokratikləşmənin dünya üzrə təmin olunmasında BMT-nin aparıcı rolunu alqışlayır, BMT Nizamnaməsinin müddəalarına və beynəlxalq hüquq prinsiplərinə öz sadiqliyini nümayiş etdirərək BMT fəaliyyətinin bütün tərəflərini dəstəkləyir.
Tədbirdə ölkəmizin qədim tarixi, iqtisadi, sosial və mədəni inkişafından bəhs edən film nümayiş etdirilib, kitablar və jurnallar təqdim olunub.