Tehranda Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunub - FOTO
Mayın 28-də Azərbaycanın İrandakı səfirliyində Respublika Günü ilə bağlı rəsmi qəbul təşkil olunub.
Qəbulda İranın rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan hökumətlər arası müştərək iqtisadi komissiyanın həmsədri Mahmud Vaezi, bu ölkənin xarici işlər nazirinin müavini İbrahim Rəhmipur, neft nazirinin müavini Əmir Hüseyn Zamaniya və İslam Şurası Məclisinin üzvləri iştirak ediblər.
Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov çıxış edərək bildirib ki, 1918-ci il mayın 28-də Cənubi Qafqazda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradıldığı elan edilib. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən bu tarix ölkəmizdə Respublika Günü kimi qeyd olunur.
AXC-nin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin Sədri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən sessiyada Naxçıvan MR-nın dövlət bayrağı kimi təsdiq edilib.
Diqqətə çatdırılıb ki, AXC-nin dövlət atributlarına Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də xüsusi diqqət və qayğı göstərilir. Hər il mayın 28-də Azərbaycan Prezidentinin rəhbərliyi ilə dövlət və hökumət nümayəndələri Bakıda AXC-nin şərəfinə ucaldılmış abidəni ziyarət edirlər.
Müstəqil Azərbaycan dünyanın əksər ölkələri ilə uğurlu ikitərəfli əməkdaşlığından danışan səfir deyib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində respublikamızın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal edilib. Buna baxmayaraq, ölkəmiz Ermənistan istisna olmaqla, bütün qonşuları ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə malikdir”.
Səfir diqqətə çatdırıb ki, Azərbaycan və İran münasibətləri ortaq tarix, mədəniyyətlə yanaşı, xalqlarımız arasındakı qohumluq əlaqələrinə və ənənəvi dostluğa söykənir. Azərbaycan müstəqilliyinin ilk illərində dost və qardaş İranın dəstəyinin şahidi olub.
Tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşən Azərbaycan Asiya və Avropa arasında körpü rolunu oynayıb. İslam mədəniyyətinə töhfə vermək, İslam dini haqqında beynəlxalq ictimaiyyətə daha dolğun və dəqiq məlumat çatdırmaq məqsədilə Azərbaycan Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində yaxından iştirak edib. Bu layihə Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib.
Bildirilib ki, Azərbaycan bu il iyunun 17-dən 19-dək “Formula-1” üzrə Avropa Qran-prisinə, sentyabrın 1-dən 14-dək Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək. Ötən il birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil etmiş Azərbaycan 2017-ci ildə İslam Həmrəylik Oyunlarını keçirəcək.
Səfir qonaqları bu idman tədbirində iştirak etməyə dəvət edib.
Sonra İranın xarici işlər nazirinin müavini İ. Rəhmipur çıxış edərək ölkələrimiz arasındakı əlaqələrin inkişafından danışıb. Qeyd olunub ki, iqtisadi, siyasi əlaqələr daim nəzarətdə saxlanılır və yüksələn xətlə inkişaf edir.
Çıxışlardan sonra ziyafət verilib.
Səfirliyin həyətində quraşdırılmış ekranda Azərbaycanın turizm potensialını və iqtisadi inkişafını əks etdirən videoçarxlar nümayiş etdirilib.