Xarici İşlər Nazirliyi KİV-lərə müraciət etdi
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev yerli KİV-lərə müraciət edib.
1news.az-ın məlumatına görə, XİN sözçüsünün müraciətində Haqqın.az portalının 29 may 2016-cı il tarixli “Dünya bankı Kəlbəcərdə yol tikintisinə tranş ayırdı” adlı yazısının Ermənistan mətbuatından götürülmüş xəbəri təhrif edilmiş formada təqdim etdiyi qeyd olunur.
H.Hacıyevin sözlərinə görə, bu kimi səthi “təhlillər” və Ermənistan KİV-nə xas təbliğat ilə yerli auditoriya çaşdırılır. Martuni-Vardenis-Sotk yol xətti Ermənistan ərazisində yerləşir və Dünya Bankının təxsis etdiyi tranş bu yolun 6.5-11.1 km-nin bərpasına ayrılıb.
“İndilərdə Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatını təqdim edəcəyik” deyərək XİN adından danışmağa iddia etmək səlahiyyəti haqqın.az portalına verilməmişdir. Hər hansı rəsmi qurumun mövqeyini öyrənmədən onun adından danışmaq peşəkar jurnalistikadan kənardır və KİV haqqında Qanunun ciddi pozuntusudur.
Fürsətdən istifadə edərək xüsusilə indiki həssas dövrdə bəzi mətbuat orqanlarını Ermənisan təbliğatının əlində alət olmaqdan ehtiyarlı olmağa çağırırıq”- deyə, müraciətdə qeyd olunur.
1news.az