“Caspian Oil & Gas” sərgisində 30 ölkəni təmsil edən 240 şirkət iştirak edəcək
XXIII Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” sərgisində 30 ölkəni təmsil edən 240 şirkət iştirak edəcək.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə sərgi ilə bağlı keçirilən mətbuat konfransında “Iteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov məlumat verilib. Bildirilib ki, iyunun 1-dən 4-dək Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir - XXIII Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas 2016” sərgi və konfransı keçiriləcək.
Regionda neft-qaz sənayesinin əsas tədbiri və tanınmış beynəlxalq platforma olan Xəzər Neft və Qaz sərgi və konfransı hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçiləri öz meydançasında bir araya gətirir. “Caspian Oil & Gas” layihəsinə Azərbaycan Respublikasının Energetika Nazirliyi və SOCAR tərəfindən dəstək göstərilir.
Builki sərgidə 30 ölkəni təmsil edən 240 şirkət iştirak edəcək. Sərginin yeni iştirakçılar qismində isə Böyük Britaniya, Portuqaliya, Rumıniya, ABŞ və digər ölkələrin şirkətləri çıxış edirlər.
Tədbirin baş sponsoru qismində ənənəvi olaraq SOCAR, qızıl sponsorları qismində BP və “Petronas” şirkətləri, gümüş sponsorlar qismində isə “Bos Shelf” şirkəti çıxış edir.
Bildirilib ki, iyunun 2-3-də “JW Marriott Absheron Baku” otelində keçiriləcək ənənəvi beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” konfransında müasir dövrün reallıqları fonunda Azərbaycanın neft-qaz sənayesinin gələcək inkişafı, Avropaya enerji təchizatının təmin edilməsində Azərbaycanın rolu, təchizat əməliyyatlarının ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi və bir sıra digər aktual mövzular müzakirə olunacaq. Sərgi və konfransın təşkilatçıları “ITE Group” və onun tərəfdaşı “Iteca Caspian” şirkətləridir.
Mətbuat konfransında qeyd edilib ki, iyunun 1-dən 4-nə kimi Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşmış tədbiri olan 6-cı Xəzər beynəlxalq Energetika və Alternativ enerji “Caspian Power 2016” sərgisi də keçiriləcək. “Caspian Power” sərgisi Energetika Nazirliyi və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən dəstəklənir. Sərginin iştirakçıları arasında Azərbaycan, Belarus, Fransa, Çin, Polşa və digər ölkələrin energetika texnologiyaları üzrə aparıcı təchizatçı şirkətləri var.
1news.az