Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir.
Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.
Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur.
Ölkəmizdə uşaq və yeniyetmə yaşında olan gənclərin təxminən 95 faizi təhsil alır. Onların böyük bir qismi pulsuz tibbi xidmətlə təmin olunub.
Təəssüf ki, başqa ölkələrdə olduğu kimi, ölkəmizdə də uşaqlarla bağlı bir sıra problemlər mövcuddur. Həkimlərin fikrincə, uşaqların arasında xəstəliklərin əsas səbəblərindən biri onların erkən yaşlardan işə cəlb edilməsidir.
Son illər uşaqların valideynləri tərəfindən zorakılığa məruz qalması ilə bağlı halların artması da həyəcan yaradan hallardandır.
Azərbaycanda 300 min qaçqın və məcburi köçkün uşağın olması da uşaq probleminin həllinə mənfi təsir göstərən amildir. Bütün bunlara baxmayaraq, nikbin faktlar da mövcuddur. Məsələn, son 12 ildə körpə və uşaqlar arasında ölüm əmsalı iki dəfə azalıb.
Ölkədə uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr də həyata keçirilməkdədir.
1news.az