Vergi Məcəlləsində dəyişikliklər edilib
Milli Məclis Vergi Məcəlləsində dəyişikliklər edib.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
“Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12, I kitab, maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, №11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 102-VQD və 107-VQD nömrəli, 4 mart tarixli 136-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 6.1.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
“6.1.6. hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi;”;
1.2. 8.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi;”;
1.3. 159.10-cu maddədə “və 164.1.20-164.1.25-ci” sözləri “, 164.1.20 -164.1.25-ci, 164.1.33-cü və 164.1.35-ci” sözləri ilə əvəz edilsin;
1.4. 164.1.28-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 164.1.29-164.1.35-ci maddələr əlavə edilsin:
“164.1.29. damazlıq heyvanların idxalı və satışı;
164.1.30. toxum və tinglərin idxalı və satışı;
164.1.31. mineral gübrələrin, pestisidlərin idxalı və satışı;
164.1.32. toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı;
164.1.33. kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı;
164.1.34. bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı;
164.1.35. siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan xammalın və materialların idxalı.”;
1.5. 206.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“206.1. Bu Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 1 manat müəyyən edilir.”;
1.6. aşağıdakı məzmunda 206.1-1-ci maddə əlavə edilsin:
“206.1-1. Müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir.”;
1.7. 206.3-cü maddədə “206.1-ci maddəsində” sözləri “206.1-ci və 206.1-1-ci maddələrində” sözləri ilə əvəz edilsin;
1.8. 208.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
“208.6. Müəssisələrin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.”.
Maddə 2. Bu Qanunun 1.1-ci, 1.2-ci, 1.5-ci, 1.6-cı, 1.7-ci və 1.8-ci maddələri 2017-ci ilin 1 yanvar tarixindən qüvvəyə minir.
Maddə 3. Bu Qanunun 1.3-cü və 1.4-cü maddələri 2016-cı ilin 1 aprel tarixindən tətbiq edilir”.
Bundan əlavə, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli 227-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli 227-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.1-1-ci maddəsinə uyğun olaraq, təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarlarını və qaydasını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən etsin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.35-ci maddəsinə uyğun olaraq, idxalı əlavə dəyər vergisindən azad edilən xammalın və materialların sıyahısına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616; 2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12, maddə 1034; 2007, № 4, maddə 323, № 12, maddə 1225; 2008, № 11, maddə 972; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780; 2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, № 11, maddə 1324; 2014, № 4, maddə 359, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1198, № 11, maddələr 1390, 1420; 2015, № 1, maddə 12, № 12, maddə 1454; 2016, № 2 (II kitab), maddələr 261, 265, № 3, maddə 450; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 26 may tarixli 921 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.1-ci bəndə “165.1.7-ci” sözlərindən əvvəl “164.1.35-ci,” sözləri əlavə edilsin;
3.2. 1.2-ci bəndə “198.1.1 ci,” sözlərindən sonra “206.1-1-ci (ikinci cümlədə),” sözləri əlavə edilsin;
3.3. 1.29-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.30-cu bənd əlavə edilsin:
“1.30. həmin Məcəllənin 206.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə həyata keçirir.”.
4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:
4.1. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə “Elektron hökumət” portalı vasitəsilə fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaqlar barədə aktual elektron məlumat bazasının 3 ay müddətində formalaşdırılmasını;
4.2. təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqlar barədə arayışların elektron məlumat bazasına daxil edilməsini;
4.3. bu Fərmanın 4.1-ci bəndində nəzərdə tutulan elektron məlumat bazasına Azərbaycan Respublikası Vergilər Nazirliyinin və bələdiyyələrin real vaxt rejimində, məhdudiyyətsiz və fasiləsiz çıxışını təmin etmək məqsədi ilə xüsusi ötürülmə zolağının yaradılması üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyi və bələdiyyələrlə birlikdə zəruri texniki və təşkilati tədbirlərin həyata keçirilməsini təmin etsin.
5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti elektron məlumat bazasının fəaliyyəti üçün zəruri olan məlumat mübadiləsinin real vaxt rejimində həyata keçirilməsini təmin etsinlər.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.
1news.az