Dəmiryolçuların Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının V Beynəlxalq Gənclər Forumu işini davam etdirir - FOTO
Mayın 31-dən iyunun 3-dək Azərbaycan dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHİRK) Nabrandakı “Lokomotiv” İstirahət Mərkəzində Dəmiryolçuların və nəqliyyat inşaatçılarının Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının V Beynəlxalq Gənclər Forumu keçirilir.
1news.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən bildirilib ki, forumun işində MDB və Baltikyanı ölkələrin dəmiryolçularının 9 həmkarlar ittifaqından 60 gənc iştirak edir.
Tədbir iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb. Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib.
Tədbirdə MHİRK-in sədri Fəzail Bağırov bildirib ki, son vaxtlar Azərbaycan Dəmir Yolunun həyatında bir canlanma hiss olunur. Dəmir yolunda aparılan islahatlar, Bakı-Tbilisi-Qars və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində işlərin sürətləndirilməsi, Astara çayı üzərində yeni dəmir yolu körpüsünün təməlinin qoyulması və xüsusilə gənc kadrların mühüm vəzifələrə təyin olunması görülən işlərin tam siyahısı deyil. Bütün bu işlərdə MHİRK Cəmiyyət rəhbərliyi ilə birgə fəaliyyət göstərir.
Daha sonra Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının Baş katibi Gennadi Kosolapovun “Dəmiryolçuların sahə həmkarlar ittifaqları hərəkatının vəziyyəti və gənclər siyasəti” mövzusunda məruzəsi dinlənilib.
İştirakçılar IV forumun qərarlarının yerinə yetirilməsi, həmkarlar ittifaqlarında gənclərlə işin təşkili, gənclər və həmkarlar ittifaqları, həmkarlar ittifaqlarına üzvlüyə qəbul zamanı müasir texnologiyaların tətbiqi və sair məsələlər ətrafında müzakirələr aparacaqlar. Sonda forum iştirakçılarına sertifikatlar təqdim olunacaq.
Tədbir çərçivəsində idman yarışlarının, milli mədəniyyət axşamlarının keçirilməsi planlaşdırılır. Həmçinin Bakının tarixi və görməli yerlərinə ekskursiyalar da təşkil ediləcək.
1news.az